Rusiya XİN: Aksiyaya çağırışla bağlı Bakıdakı “Rus Evi” adından yayılmış xəbərlər feykdir


  • 11 Fevral 21:07

Rusiya Xarici İşlər Nazirliyi aksiyaya çağırışlarla əlaqədar Bakıdakı “Rus Evi” adından yayılmış xəbərləri feyk adlandırıb.

E-huquq.az xəbər verir ki, Rusiya XİN bu gün yaydığı açıqlamada "Rus Evi" adından yayılmış, fevralın 13-də saat 10.00-da Bakının “Azadlıq” meydanında “Rus Evi”nin müdafiəsinə həsr olunmuş mitinqə çağırışların feyk olduğu bildirib.

Qeyd olunub ki, Bakıdakı "Rus Evi" ətrafında sosial şəbəkələrdə yayılan dezinformasiyalar məlum təlimatlara əsaslanır və Rusiya-Azərbaycan əlaqələrinə xələl gətirmək məqsədi daşıyır.

"Sosial şəbəkələrdə "bakılıları və rus irsinə və mədəniyyətinə dəyər verən və hörmət edən hər kəsi Bakıdakı “Rus Evi”nə dəstək aksiyasında iştirak etməyə çağıran materiallar feykdir, kütləvi auditoriyada emosional reaksiya yaratmaq üçün nəzərdə tutulub", deyə Rusiya XİN-nin açıqlamasında bildirilir.

Qeyd edək ki, Bakıdakı “Rus Evi”nin adından başqa saxta məlumatlar da yayılıb. Xaricdə Azərbaycan əleyhinə fəaliyyət göstərən bəzi “youtube” kanalları da həmin məlumatlara istinadən materiallar yayıb.

Əlavə edək ki, Azərbaycan “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya nota göndərib.

“Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – “Rus Evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra, 3 fevral 2025-ci il tarixində “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərilib.

Bakıdakı “Rus Evi” isə bu gün açıqlama yayaraq, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin tələbi ilə əlaqədar, “Rossotrudniçestvo”nun nümayəndəliyi – Bakıdakı “Rus Evi” öz fəaliyyətini dayandırdığını bildirib.

Oxşar xəbərlər