- 20:03
Donqar balinaların oxuduğu mahnıların insan dilləri ilə heyrətamiz dərəcədə oxşar olduğu aşkarlanıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki alimlərlərin araşdırmalarına əsasən, bu mahnıları yalnız erkək balinalar oxuyur və məqsəd özlərinə dişi balina tapmaqdır. Mahnılar uzun və mürəkkəbdir, müəyyən səslər naxışlarda təkrarlanır.
Araşdırmalar göstərir ki, donqar balinaların mahnıları zamanla yavaş-yavaş dəyişir. Yeni səs nümunələri əlavə olunduqca köhnə melodiyalar zamanla yox olur. Ancaq bu öyrənmə prosesinin necə baş verdiyi məlum deyil.
Alimlər balina mahnılarını təhlil ediblər. Bu sirri çözmək üçün beynəlxalq tədqiqatçılar qrupu Sakit Okeanda Yeni Kaledoniya ətrafında səkkiz il ərzində qeydə alınmış balina mahnılarını tədqiq ediblər. Əvvəlcə mahnılardakı səsləri hərflərlə kodlaşdıraraq təhlil etməyə başladılar.
"Science" jurnalında dərc olunan araşdırmaya görə, tədqiqatçılar mahnılardakı müəyyən səslərin müəyyən nümunələrdə təkrarlandığını aşkar ediblər. Məsələn, bir il "xırıltı, gurultu, ciyilti" nümunəsi AAB kimi kodlaşdırılıb, digər il isə "inilti, cığırtı, gurultu" birləşməsi ABA olaraq kodlanıb.
Balinaların bu mahnıları necə öyrəndiyini anlamaq üçün tədqiqatçı qrup körpələrin sözləri necə öyrənməsinə baxıb. Körpələr ətraflarında eşitdikləri söhbətlərdə sözlər arasındakı sərhədləri ayırd etməyə çalışırlar. Tədqiqatçılar donqar balinaların oxşar öyrənmə üsulundan istifadə etdiyini aşkar ediblər.
Alimlər təhlil etdikləri mahnılarda tez-tez bir-birini izləyən səsləri söz kimi alt qruplara ayırıblar. Məsələn, qısa bir fit və ardınca cızıltı müəyyən bir alt qrup meydana gətirib. Tədqiqatçılar müəyyən ediblər ki, bu alt qruplar insan dillərindəki sözlərə oxşar şəkildə paylanır.
Tədqiqat göstərib ki, balina mahnıları insan dilinə aid olan Zipf qanununa tabedir. Zipf qanununa görə, dildə ən çox yayılmış söz ikinci ən çox yayılmış sözdən iki dəfə çox təkrarlanır. Onlar, həmçinin insan dillərində ən çox işlənən sözlər kimi ən çox istifadə edilən balina səslərinin daha qısa olduğunu müəyyən ediblər.
"Bu, insan dilində gördüyümüz tipik bir qrafiklə tamamilə eyni idi. Qrafikin ortaya çıxdığı anı heç vaxt unutmayacağam", - tədqiqatçılardan biri olan Simon Kirby bildirib.
Şəbnəm Mehdizadə