Gürcüstan demokratik standartlardan daha da uzaqlaşır – Avropa liderlərindən bəyanat


  • 7 Fevral 22:07

Gürcüstan hakimiyyətinin demokratik standartlardan daha da uzaqlaşdığının şahidi oluruq.

E-huquq.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas və Avropa Komissiyasının genişlənmə üzrə komissarı Marta Kosun birgə bəyanatında bildirilib.

Sənəddə deyilir ki, Gürcüstanın İnzibati Xətalar Məcəlləsinə, Cinayət Məcəlləsinə və “Toplaşmaq və nümayişlər haqqında” Qanununa dəyişikliklərin tələsik qəbulu ifadə, toplaşmaq və media azadlığı hüquqlarını əhəmiyyətli dərəcədə sarsıdacaq.

“Bu hadisələr Gürcüstanın demokratik inkişafı üçün ciddi geriləmədir və Aİ-yə namizəd ölkə ilə bağlı hər hansı gözləntilərə uyğun gəlmir. Biz hakimiyyəti bu tədbirləri dayandırmağa, növbəti gərginlikdən çəkinməyə və ombudsmanın tələb etdiyi kimi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) rəyini gözləməyə çağırırıq”, - bəyanatda bildirilib.

Avropa liderləri Gürcüstan hakimiyyətini haqsız yerə həbs edilmiş bütün jurnalistləri, fəalları və “siyasi məhbuslar”ı azad etməyə, bütün siyasi qüvvələr və vətəndaş cəmiyyətinin nümayəndələri ilə dialoqu təmin etməyə çağırıblar.

Oxşar xəbərlər