- 20:44
Böyük Britaniya hökuməti 2017-ci ildən bəri qanunsuz miqrasiya ilə mübarizəyə təxminən 2 milyard funt-sterlinq xərcləyib.
E-huquq.az "The Independent" qəzetinə istinadən xəbər verir ki, sözüügedən məbləğ dəyərində dövlət tenderlərinin özəl şirkətlərə verildiyi məlum olub. Bununla belə, ekspertlərin fikrincə, bu xərclərin nəzərəçarpacaq nəticə verməsi barədə heç bir aydın sübut yoxdur.
Qəzet yazır ki, ölkənin miqrasiya siyasətini idarə etmək və onun sərhədlərini qorumaq vəzifələri çox vaxt qeyri-şəffaf müqavilələr əsasında özəl şirkətlərə həvalə edilib. Britaniya hökuməti qeyri-qanuni keçidlərin qarşısını almaq və sığınacaq müraciətlərinin xərclərini azaltmaq üçün müxtəlif xidmət alışlarına müraciət edib. Araşdırmada dörd universitetdən olan akademiklər 2017-ci ildən bəri imzalanan və ümumi dəyəri 2 milyard funt sterlinq olan müqavilələri araşdırıblar. Bu müqavilələrin icra detalları ictimaiyyətlə paylaşılmır və şirkətlərin əldə etdiyi faktiki gəlirlər və bu vəsaitlərin təsiri tam məlum deyil.
Mütəxəssislər vurğulayırlar ki, sistemin bahalığına baxmayaraq, onun effektivliyi məhdud olaraq qalır.
Əvvəlki hökumətin ölkəyə qeyri-qanuni yollarla daxil olan sığınacaq axtaranların müraciətlərini açıq şəkildə rədd etməsi və bu şəxsləri “qanunsuz miqrant” kimi qələmə verməsi minlərlə insanın uzun müddət otellərdə qalması ilə nəticələndi. Eyni zamanda deportasiya oluna bilməyən və sığınacaq axtaran şəxslərin ərizələrinin geridə qalması sistemə ciddi təzyiqlər yaradıb. Hökumətin qarşıdakı dövrdə miqrasiya sistemi ilə bağlı yeni siyasət sənədini dərc edəcəyi gözlənilir. Ekspertlər qeyd edir ki, insanların vergilərinin necə xərclənməsi ilə bağlı daha çox şəffaflıq olmalıdır və qeyri-leqal miqrasiyanın qarşısının alınması üçün atılan addımların səmərəliliyi, onların xərcləri ilə yanaşı, ictimaiyyətə aydın şəkildə izah edilməlidir.
Şəbnəm Mehdizadə