İspaniya və Portuqaliyada elektrik enerjisinin verilməsində fasilə yaranıb


  • 28 Aprel 17:37

İspaniya və Portuqaliyada elektrik enerjisinin verilməsində fasilə yaranıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, İspaniya və Portuqaliyanın böyük bir hissəsində elektrik enerjisi kəsilib.

Paytaxtlar Madrid və Lissabon da daxil olmaqla, çoxsaylı şəhərlər işıqsız qalıb.

İspaniyanın elektrik paylayıcı şirkəti "Red Electrica" problemin aradan qaldırılmasının 6-10 saat çəkəcəyini açıqlayıb.

İspaniyanın paytaxtı Madriddə işıqforların işləməməsi səbəbindən tıxaclar yaranıb. Şəhərin Barajas hava limanında və Barselonanın El-Prat hava limanında fasilələr var.

Madrid və Barselona kimi böyük şəhərlərdə rabitə və nəqliyyat şəbəkələrində axsamalar yaşanıb, internet xidmətləri kəsilib.

İspaniyanın elektrik şəbəkəsi operatoru "Red Electrica Espanola" (REE), "X" sosial media platformasında ölkə daxilində elektrik kəsilməsinin olduğunu təsdiqləyib. Bəyanatda qeyd olunub ki, məsələ ilə bağlı iş davam edir və kəsilmənin səbəbi bəlli deyil.

İspaniyanın dəmir yolu şirkəti "Renfe" də yerli vaxtla saat 12:30 radələrində ölkədəki "Milli Elektrik Şəbəkəsi"nin kəsilməsi səbəbindən qatarların hərəkətinin dayandırıldığını açıqlayıb.

BBC-nin məlumatına görə, "Madrid Open" tennis turniri də elektrik enerjisinin kəsilməsi səbəbindən dayandırılıb.

"Politico"nun məlumatına görə, İspaniyada adı açıqlanmayan bir səlahiyyətli, "İspaniyadakı vəziyyəti idarə etmək üçün böhran komitəsi yaradılıb. Bu mərhələdə bu böyük fasilənin səbəbi ilə bağlı heç bir mənbə yoxdur. Kiberhücum ehtimalı istisna edilmir və araşdırmalar davam edir", - deyə bildirib.

İspaniyanın "Cadena Ser" radio şəbəkəsi baş nazir Pedro Sançesin vəziyyəti qiymətləndirmək üçün "Red Electrica"nın qərargahına getdiyini bildirib.

"Red Electrica Espanola" "X" hesabından edilən açıqlamada elektrik enerjisinin bərpasının mərhələli bir proses olacağı və təchizatın təmin edilməsi istiqamətində işlərin davam etdiyi bildirilib.

İspaniya şəbəkəsi ölkənin cənub və şimalında elektrik enerjisinin verilməyə başladığını bildirib.

İspaniyanın iki böyük elektrik şirkəti "Endesa" və "Iberdrola" elektrik kəsilməsinin səbəbini araşdırır.

"El Pais"in məlumatına görə, İspaniya hökuməti fasilələrlə bağlı araşdırmaya başlayıb, təhlükəsizlik qüvvələrinin Madrid küçələrinə çıxarıldığı bildirilir.

“Politico”nun məlumatına görə, Portuqaliyanın elektrik operatoru "E-Redes" verdiyi açıqlamada elektrik enerjisinin kəsilməsinə "Avropa elektrik şəbəkəsindəki problem"in səbəb olduğunu bildirib.

Açıqlamada deyilir ki, gərginlikdəki qeyri-sabitlik kəsintiyə səbəb ola bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər