- 03 noyabr 13:16
- Məhkəmə
Bu dünya əzəldən belə qurulub: vətənini, torpağını sevən, göz bəbəyi kimi qorumağı bacaran millət gec-tez öz haqqını alacaq, öz varlığını bütün aləmə nümayiş etdirəcəkdir.
Biz azərbaycanlıların başı çox müsibətlər çəkib, çox bəlalardan keçib. Tarix boyu qədim şəhər və kəndlərimiz, cənnətməkan ərazilərimiz düşmən hücumlarına, qanlı-qadalı basqılara məruz qalıb.
Nə yaxşı ki, neçə yerdən paralanmış, qoynu sökükAzərbaycanımız igid oğullarının qəhrəmanlığı sayəsində hərsınaqdan uğurla çıxaraq adını tarixə yazdı. İndi bütün dünya bizdən danışır! Otuz il müddətində erməni daşnaklarının işğalı altında inildəyən doğma Qarabağımızdan, azadlığı naminə hünərlə apardığımız 44 günlük müharibədən, bu zəfər yürüşündə şanlı ordumuzun böyük şücaətindən bəhs edir. Bəli Azərbaycan xalqı 2020-ci ilin 27 sentyabr – 10 noyabr müddətində ölkə prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında yumruq kimi birləşərək azğın düşmənə qan uddurdu! Nəhayət ki, ərazi bütövlüyümüzün bərpasına nail olduq. 44 günlük vətən müharibəsində hər bir azərbaycanlının çoxdankı arzuları çin oldu, sevincimiz yerə-göyə sığmadı.
Bu məqamda prezident İlham Əliyevin, ölkəninn birincixanımı Mehriban Əliyeva ilə birlikdə Şuşaya səfərlərindən birində söylədiyi sözlər yada düşür: “44 günlük ikinci Qarabağ savaşı, bizim qürurla dolu şanlı tariximizdir. Bu tarix əbədi yaşayacaq, çünki, bu qələbə tarixdə bənzəri olmayan qələbədir!”
Torpaqlarımızın 20 faizinin işğal altında olduğu vaxtları yada salaq: gözümüzün biri güləndə, o biri ağlayırdı. Şuşadan, Laçından, Kəlbəcərdən... söz düşəndə qeyri-ixtiyari başımızı aşağı salır, ürək dolusu danışa bilmirdik – qəhər boğurdu hamımızı. Bugün şükürlər olsun ki, böyük sevinc içindəyik, çünki qalib xalqın övladlarıyıq!
Əlbəttə, 44 günlük müharibədən qalibiyyətlə çıxmaq, asanlıqla əldə olunmayıb. Torpaqlarımızı dinc yolla geri qaytarmaq fikrində olmayan, bizim sülh çağırışlarımıza qulaq asmaq istəməyən düşmən onilliklər ərzində ərazilərimizi – şəhər və kəndlərimizi yerlə yeksan edərək, özlərinə istehkamlar qurmuş, strateji yüksəkliklərdə lövbər salmışdı. Onlar elə düşünürdülər ki, təcrübəsiz, Azərbaycan ordusu bu maneələri heç cür yarıb keçə bilməz. Amma... Müzəffər Ali Baş Komandanımızın söylədiyi kimi: “Biz danışıqlar yolu ilə yox, döyüş meydanlarında qan tökərək, qurbanlar verərək, fədakarlıq göstərərək, öz ərazi bütövlüyümüzü bərpa etdik, milli ləyaqətimizi göstərdik”.
Bir neçə gündən sonra qələbəmizin ikinci il dönümünü qeyd edəcəyik. Hər kəs –böyükdən tutmuş, kiçiyədək hamımızın qəlbi iftixar hissi ilə vurur. Bir də, söz yox, sonsuz minnətdarlıq hissi var ürəklərdə. “QARABAĞ AZƏRBAYCANDIR!” deyəndə ilk növbədə qəhrəman igidoğullarımızı – şəhidlərimizi, qazilərimizi yada salır, onların keçdiyi döyüş yollarını gözümüzün önünə gətiririk. Yaxın keçmişimiz ilə bağlı qələbə soraqlı günlərin xatirələri bizi birdaha doğma vətənə, xalqa yeni tellərlə bağlanmağa, sevimli prezidentimiz Ali Baş Komandan İlham Əliyev cənablarının ətrafında daha böyük inamla səfərbər olmağa səsləyir.
Tanrı gözəl Azərbaycanımızı, böyük millətimizi qorusun!
Sən ölkələr yaraşığı,
Hər tərəfin cənnət bağı.
Düşmənlərə sinə dağı,
Azərbaycan!
Sən varsansa, mən də varam,
Sənsiz bir an yaşamaram.
Hər yarana bir sarğınam,
Azərbaycan!
Leyla Mirzəyeva
Sumqayıt İnzibati Məhkəməsinin hakimi