Yeni Bakı Limanında "Port Festival-2019" adlı tədbiri keçirilir - FOTOLAR

Bu gün Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanında  Açıq Qapı Günü formatında "Port Festival-2019 " adlı tədbir keçirilir.

E-huquq.az-ın nəlumatına görə, Xəzər dənizi regionunda ilk dəfə bu formatda keçirilən tədbirdə Bakı və Şirvan şəhərləri, Qaradağ,  Salyan, Hacıqabul, Sabirabad, Neftçala rayon sakinləri, məktəbli və yeniyetmələr iştirak edirlər. 

İştirakçılar yeni və müasir standartlara uyğun inşa olunmuş yeni limanla tanış olmaq imkanı qazanıblar. 

Tədbirdə habelə nəqliyyat və logistika sahəsində fəaliyət göstərən dövlət və özəl şirkətlər, Azərbaycanda akkreditə olunmuş diplomatlar, ictimaiyyət nümayəndələri iştirak edirlər. 

Tədbiri giriş sözü ilə açan "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov qeyd edib ki, liman Xəzər dənizinin ən böyük limanlarından biridir:" Hazırda Liman Mərkəzi Avrasiya regionunda mühüm nəqliyyat və logistika qovşağına çevrilməkdədir və dünyanın aparıcı limanları ilə faydalı iş birliyi qurmaqdadır. Yeni Bakı Limanında müasir dünya standartlarına uyğun yaradılmış infrastruktur, görülən işlərin ölkəmizə, o cümlədən ətraf rayon və qəsəbələrdə yaşayan əhalinin sosial rifahına göstərəcəyi müsbət təsirindən, əlavə iş yerlərinin açılması və görülmüş digər tədbirlərlə ictimaiyyəti tanış etmək baxımından "Port Festivalı"ın  keçirilməsi xüsusi əhəmiyyət kəsb edir".

Daha sonra tədbirin rəsmi açılışı həyata keçirilib və festivala qatılan dövlət və özəl qurumlarının, xarici səfirliklərinin stendləri ilə tanış olunub. 

Tədbirin maraqlı hissələrindən biri Dövlət Sərhəd Xidmətinin helikopterinin Liman akvatoriyasında xilasetmə əməliyyatının,  Fövqəladə Hallar Nazirliyinin xilasetmə kateri və avadanlıqlarının nümayişi, "Xəzər Dənizi Gəmiçiliyi"nə məxsus gəmi ilə gəzintinin təşkil edilməsi olub. 

Eyni zmanda, Liman əməkdaşları tərəfindən limanın texniki və əməliyyat imkanları nümayiş etdirilir. 

Xatırladaq ki, bu formatda keçirilən "Port Festival" dünyanın bütün liman şəhərlərlərində keçirilir. Yeni Bakı Limanında təşkil edilən festivalda 5 mindən çox insanın iştirak etməsi və hər il keçirilməsi nəzərdə tutulur.