Mirzayev&Partners
    18 İyul
    Baku
    23°

VK-100: “Vətəndaşların hüquqi maarifləndirilməsi istiqamətində ciddi işlər görülür"

Məlum olduğu kimi, Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin 19.07.2018-ci il tarixli qərarı ilə hər ilin 30 iyul günü “Azərbaycan Respublikası vəkillərinin peşə bayramı günü” kimi qeyd olunur. 30 iyul 1919-cu il tarixi - Azərbaycan Xalq Cümhuriyyətində Andlı Müvəkkillər Şurasının təşkili və yaradılma günü Vəkillər Kollegiyasının Rəyasət Heyəti üzvlərinin məlum qərarı ilə “Azərbaycan Respublikası vəkillərinin peşə bayramı günü” olaraq müəyyən olunub. Bu il isə Azərbaycan vəkilliyinin 100 illik yubileyidir. Uzun tarixi yol keçmiş bu peşə sahibləri hazırda Azərbaycanda vəkillik fəaliyyətini necə qiymətləndirir? Keçmişdən bu günədək bu sahədə hansı irəliləyişlər əldə olunub? 

E-huquq.az bu sualla vəkillərə müraicət edib.

Vəkil İlhamə Həsənova e-huquq.az-a açıqlamasında vəkilliyin keçdiyi tarixə qısa nəzər salıb: “Vəkilliyin fəaliyyətini 4 mərhələyə bölmək olar. Bu 100 ilin1 ili Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu dövrünə düşüb. Daha sonrakı mərhələ sovet hakimiyyətinin hökm sürdüyü dövrü əhatə edir. Sovet dönəmində təbii ki, vəkillik institutu keçmiş postsovet ölkələrindəki kimi idi. Yəni sovet rejiminin qayda-qanunlarına müvafiq idi. Növbəti mərhələ Azərbaycanın müstəqilllik qazanmasından sonra başlayıb 2017-ci ilin dekabrına qədər davam edib. Azərbaycan müstəqillik qazandıqdan sonra ilk dəfə vəkillik fəaliyyətini tənzimləyən qanun, vəkillərin davranış qaydaları haqqında əsasnamə qəbul edildi. 2017-ci ilin dekabr ayında keçirilən konfransda isə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin tərkibi seçildi. Bu konfransda Vəkillər Kollegiyasına yeni sədr seçildi və bir sıra islahatlara imza atıldı. Bundan sonra vəkillikdə yeni bir inkişaf dövrü başladı”.

İ.Həsənova bildirib ki, Azərbaycanda son 2 ildə vəkillik fəaliyyəti ilə bağlı ciddi işlər görülüb. O, vətəndaşlara pulsuz hüquqi yardım göstərilməsini bu sahədə atılan uğurlu addımlardan biri kimi qiymətləndirib.

“Son illərdə vəkil qurumlarının sayı xeyli artıb. Vəkillərin sayı da 2 dəfədən çox artıb. Sovet dövründə və həmin dövrdən sonra dövlət hesabına hüquqi yardım göstərilməsi məsələsində çox böyük problemlər var idi. Vətəndaşlar çox şikayətlənirdilər ki, bu hüquqi yardım formal şəkildə göstərilir. İndi bu halların qarşısı tamamilə  alınıb. Rəyasət Heyəti tərəfindən növbətçilik siyahıları tətbiq olunub. Bütün vəkillər növbətçilik siyahıları üzrə dövlət tərəfindən göstərilən hüquqi yardıma cəlb olunurlar.  Belə ki, Konstitusiyanın 62-ci maddəsinə əsasən hər bir vətəndaşın keyfiyyətli hüquqi yardım almaq hüququ var. Vətəndaşın ehtiyacı olduqda bu hüquqi yadım dövlət hesabına həyata keçirilir.  Dövlət keyfiyyətli hüquqi yardıma təminat verdiyinə görə məhz həmin hüquqi yardım vəkillər tərəfindən həyata keçirilir”.

Vəkil regionlarda vəkillik fəaliyyətinin inkişafını təmin etmək məqsədilə görülən işlərdən də danışıb. İ.Həsənova bildirib ki, yaradılan şərait vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsinə imkan verir:

“Regionlarda vəkilliyin inkişafı ilə bağlı bir sıra işlər görülür. Bildiyiniz kimi, Sumqayıtda, Şirvanda, Gəncədə regional vəkil büroları yaradılıb. Bu vəkil büroları bina ilə təmin olunub. İndiyədək vəkil bürolarının hansı şəraitdə fəaliyyət göstərməsi məlumdur. Vəkil qurumlarında vəkillərin hətta oturmağa yerləri yox idi. Vəkillik fəaliyyətinin əsas şərtlərindən biri konfidensiallığın təmin olunmasıdır. Qəbul etdiyimiz vətəndaşlarla konfidensial ünsiyyət qurmaq üçün şərait olmalıdır. Lakin belə şərait yox idi. İndi isə həm konfidensial ünsiyyət, həm də keyfiyyətli hüquqi yardım göstərilməsi üçün kifayət qədər şərait var”.

Vəkilin sözlərinə görə vətəndaşların hüquqi maarifləndirilməsi istiqamətində ciddi addımlar atlıb: “Vətəndaşların hüquqi maarifləndirilməsi istiqamətində Vəkillər Kollegiyası çox önəmli işlər görür. 2017-ci ilin dekabr konfransından sonra demək olar ki, hər həftə vəkillər rayonlara gedir və aztəminatlı ailələrə  pulsuz hüquqi xidmətlər göstərilir. Hər vəkil qurumunda həftənin bir günü açıq qapı günüdür. Sosial şəbəkələrdə vəkillər çox aktivdirlər. Əhalinin maarifləndirilməsi üçün müxtəlif istiqamətlərdə işlər görülür.  Dövlətin hüquq sahəsində elə bir istiqaməti yoxdur ki, vəkillər o sahədə aktiv fəaliyyət göstərməsin.  Vəkilliyin inkişafı artıq göz önündədir. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, Azərbaycanda vəkilliyin  tarixində ən əhəmiyyətli mərhələ 2017-ci ilin dekabr konfransından sonra başlayıb və hazırda da davam edən dönəmdir”.

Vəkil Ayxan Rüstəmzadə isə vəkillərin nüfuzunun son illərdə daha çox artdığını bildirib. O bildirib ki, bu sahədə aparılan islahatlar öz bəhrəsini verməkdədir.

“2017-ci ilin dekabr ayında Vəkillər Kollegiyasının yeni Rəyasət Heyəti formalaşdı. Yeni Rəyasət Heyəti və yeni rəhbərlik seçildikdən sonra Vəkillər Kollegiyasında kifayət qədər böyük dönüş baş verdi. Bu sahədə yeni islahatlar başladı. Vəkillərin sayı artırıldı, bölgələrdə regional vəkil büroları yaradıldı. Cənab Prezidentin vəkilliyin inkişafı ilə bağlı verdiyi sərəncam da vəkillərə etimadın artdığını göstərir. Vəkil bürolarının fəaliyyəti ilə bağlı Xırdalan şəhər vəkil bürosunu misal çəçərək deyə bilərəm ki, 1 ildir təsis olunmasına baxmayaraq, çox ciddi işlər görülüb. Biz 30-a yaxın vəkillə çalışırıq. Vətəndaşlara ödənişsiz və keyfiyyətli hüquqi yardım göstəririk. Büromuz şəhid ailələrinə və aztəminatlı ailələrə mütəmadi olaraq ödənişsiz hüquqi yardımın göstərilməsini təmin edir. Bunların hamısı aparılan uğurlu islahatların nəticəsidir. Ümumilikdə son 2 ildə görülən işlərin bundan sonrakı yüzillərdə özünü bir tarix kimi göstərəcəyini düşünürəm”.

Vəkil Rövşən Qasımov bildirib ki, son illərdə vətəndaşların hüquq və azadlıqlarının qorunmasında vəkillərin rolunun daha da artıb.

“Son 2 ildə vəkillik xeyli dərəcədə inkişaf edib. Mən deyərdim ki, 100 il ərzində belə bir inkişaf olmamışdı. İnsanların hüquq və azadlıqlarının qorunmasında vəkillərin rolu daha da artıb. Vəkillər Kollegiyasının fəaliyyəti tamamilə insanlığa xidmətə yönəlib. Bunda Vəkillər Kollegiyasının hazırki rəhbərliyinin müstəsna rolu var. Vəkillik həm Azərbaycanda daxilində, həm də beynəlxaq aləmdə böyük nüfuz qazanıb. Bunu Vəkillər Kollegiyasının fəaliyyətində, eyni zamanda ayrı-ayrı vəkillərin fəaliyyətində görmək olar. Ümumilikdə hesab edirəm ki, son illərdə vəkillik sahəsində ciddi yüksəliş əldə olunub”.