Vətəndaşlar mənzil dələduzluğuna məruz qalmamaq üçün nə etməlidir?

Bildiyimiz kimi, Azərbaycanda mənzil alqı-satqısı sahəsində dələduzluq halları artıb. Vətəndaşlar bir çox hallarda tikinti şirkətinin rəhbərləri tərəfindən aldadılırlar. Belə ki, eyni mənzilin müxtəlif şəxslərə satılması, çoxsaylı cinayət işlərin başlanması faktları barədə yəqin ki, bir çoxunuzun məlumatı var. Bəs vətəndaş mənzil alarkən dələduzluğa məruz qalmamaq üçün nə etməldir? Bu kimi dələduzluqlar nədən qaynaqlanır və qarşısını necə almaq olar?

E-huquq.az məsələ ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafa ilə əlaqə saxlayıb.

Deputat bildirib ki, vətəndaşlar ilk növbədə hüquqi bilgiyə sahib olmalıdırlar. Onun sözlərinə görə, hazırda bu sahədə asanlaşdırıcı istiqamətlər mövcuddur: “Elektron informasiya portallarında mənzilin yerləşdiyi binada mülkiyyət vərəqəsinin kimə aid olmasını və ya boş olmasını göstərən müəyyən informasiyaları yerləşdirir. Ancaq vətəndaşlar tənbəllik edirlər, yalnız inam əsasında məsələni həll etməyə çalışırlar və eyni zamanda tələsik davranırlar. Bir çox hallarda müqavilənin şərtlərini də oxumurlar”.

Məsələnin ikitərəfli olduğunu deyən F. Mustafa problemin digər tərəfinin şəbəkələşmə olduğunu vurğulayıb: “Bu şəbəkənin arxasında vəzifəli şəxslər durur. Onların himayəsi altında bu cür dələduzlar insanları aldadaraq, kifayət qədər pul qazanırlar. Sonrakı prosesdə də bir nəfəri həbs edirlər və çox sayda zərərçəkmiş şəxs isə ziyanı ödənmədiyi üçün iztirabdan dünyasını dəyişir”. 

Deputat qeyd edib ki, mənzil dələduzluğuna məruz qalan insanların dövlət tərəfindən qorunması və bu cür dələduzluğa görə sərt cəzaların tətbiq olunması vacibdir: “Bu cəzalar qanunvericilikdə var, ancaq tətbiqi məsələsi hazırda problemə çevrilib. Xeyli insanlar bu cür dələduzluq əməli ilə məşğul olmasına baxmayaraq, məsuliyyətdən yayına bilirlər. Vətəndaşlar sənədi mütləq notarial qaydada imzalamalıdır. Elektron informasiya portallarından araşdırmalıdır ki, həmin mənzilin mülkiyyət sənədi var, yoxsa yoxdur. Yəni, bunları dəqiqləşdirəndən sonra sənədə imzanı atmalıdır. Dələduzluğa görə, bizdə genişlənmiş, prinsipial mübarizə aparılsa, bu kimi halların qarşısını almaq olar”