Vəkillərin məhkəmə binalarına telefonla daxil olmasını təmin etmək üçün layihə hazırlanır

Ədliyyə Nazirliyinin rəsmisi Nəsimi Rayon Məhkəməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə vəkillərin telefonla daxil olmasına qoyulan qadağaya münasibət bildirib. 

E-huquq.az xəbər verir ki, nazirliyin Təşkilat-Nəzarət Baş İdarəsinin rəisi Elçin Qasımov deyib ki, vəkillər tərəfindən məhkəmə binasına telefon keçirilməsi, audio-video işlərini aparan digər avadanlıqlardan istifadə məsələsi ciddi problemdir və məsələyə hərtərəfli baxmaq lazımdır. Onun sözlərinə görə, dünya təcrübəsində də bu məsələyə birmənalı yanaşma yoxdur: "Bəzi ölkələrdə audio-video çəkilişi aparmağa ümumiyyətlə icazə verilmir, digərlərində isə şərait yaradılır. Bir qisim ölkələr isə ortaq variantlardan yararlanır". 

E. Qasımov vurğulayıb ki, telefon məsələsi ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən Hakimlər Assosasiyasına müraciət edilib: "Artıq layihə hazırlanıb. Qeyd etmək lazımdır ki, məhkəmə işinin təşkilinə məsul şəxs məhkəmənin sədridir. Ona görə bu məsələ daha çox məhkəmə sədrinə aiddir. Ancaq biz hazırlanan layihəni işçi qaydasında Vəkillər Kollegiyasına təqdim edəcəyik. Mən başa düşürəm ki, müasir dövrdə telefonsuz iş qurmaq çox çətindir, çox problemlidir. Ancaq  belə faktlar var ki, hamıya aid olmasa da, bəzi vəkillər iclas zamanı telefondan istifadə edir, iclasın aparılmasına müəyyən çətinliklər yaradırlar. Eyni zamanda yeni tikilən məhkəmə binalarında xüsusi avadanlıq quraşdırılıb ki, telefon və digər qurğular həmin avadanlığın düzgün işləməsinə müəyyən maneə yaradır. Hesab edirəm bütün bu məsələlərə kompleks yanaşmaq lazımdır ki, ortaq bir nəticəyə gəlmək olsun" - deyə, nazirlik rəsmisi əlavə edib.