Vəkillər Pirallahı rayonunda əhaliyə pulsuz hüquqi yardım göstəriblər

Azərbaycan Prezidentinin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı ilə Vəkillər Kollegiyasına (VK) hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə olunub.

VK-dan e-huquq.az-a verilən məlumata görə, göstərilən tövsiyənin icrası ilə bağlı həyata keçirilən tədbirlərin davamı olaraq, 3 iyun tarixində Kollegiya, Pirallahı rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Pirallahı rayon təşkilatının təşəbbüsü ilə, “Kəngərli və Partnyorları” Vəkil Bürosu tərəfindən vəkillik tarixində ilk dəfə olaraq helikopter vasitəsi ilə Pirallahı rayonu Cilov adasına səfər edilmiş və orada yaşayan aztəminatlı əhaliyə ödənişsiz hüquqi yardım göstərilib.

Cilov adasına gedən vəkillər 28 May NQÇİ-nin Akt zalında 60-dək vətəndaşa müxtəlif hüquqi yardım göstərmiş, onların problemləri ilə tanış olmuş, müvafiq məsləhətlər vermiş, həmin məsələlərlə bağlı müxtəlif dövlət və qeyri-dövlət qurumlarına ərizə və şikayətlər yazılıb. VK tərəfindən gələcəkdə bu cür tədbirlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.