Mirzayev&Partners
    22 İyul
    Baku
    23°

Konstitusiya Məhkəməsinin hakimi və Vəkillər Kollegiyasının üzvləri konfransda iştirak ediblər

İyulun 4-5-i Fransanın Strasburq şəhərində Avropa Şurası tərəfindən həyata keçirilən Hüquqşünasların İnsan Hüquqları üzrə Maarifləndirilməsi Proqramının (HELP) 2018-ci ilin yekunları üzrə hesabat konfransı keçirilib.

Vəkillər Kollegiyasından (VK) e-huquq.az-a verilən məlumata görə, Avropa Şurasına üzv 47 ölkədən 150-dən çox təmsilçinin iştirak etdiyi tədbirin əsas məqsədi hüquqşünasların təliminin insan hüquqları və demokratikləşməyə təsirinin əhəmiyyəti, HELP şəbəkəsinin gücləndirilməsi və planlaşdırılmasının zərurətindən ibarətdir.

Qeyd olunmalıdır ki, builki tədbir Avropa Şurasının yaranmasının 70 illiyi, İnsan Haqları üzrə Avropa Məhkəməsinin yaranmasının 60 illiyi çərçivəsində təşkil olunub.

Tədbirdə Azərbaycanın 2018-ci il üzrə HELP platformasının təbliği və təşviqi üzrə fəaliyyəti Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi üzrə Direktoratlığı tərəfindən yaxşı nümunələrdən biri kimi qiymətləndirilib. Hazırda ölkəmiz HELP platformasının təşviqi üzrə 47 Avropa Şurasına üzv ölkə arasında 10-cu yerdədir.

Tədbirdə Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi üzrə Direktoratlığının rəhbəri Xristos Giakompoulos və İnsan Haqları üzrə Avropa Məhkəməsinin sədri Linos Aleksandr Sicilianos iştirak ediblər.

Tədbirdə ölkəmiz VK-nın Rəyasət Heyətinin üzvü Sima Yaqubova, Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev və Vəkillər Kollegiyasının üzvü Babək Həmidov tərəfindən təmsil olunub.