Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilib

Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

E-huquq.az xəbər verir ki, iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarının şifahi mərhələsinin və vəkilliyə namizədlərin icbari təliminin gedişatı, habelə Azərbaycan vəkilliyinin 100 illik yubileyinə hazırlıq işləri barədə iclas iştirakçılarına məlumat verib. 

İclasda vəkillərin başqa vəkil qurumuna keçmək, bir sıra vəkillərin mükafatlandırılması ilə bağlı məsələlərə baxılıb, o cümlədən, iyun ayı üçün Bakı şəhəri və regionlarda fəaliyyət göstərən vəkil qurumları və fərdi vəkillərin növbətçilik siyahısı təsdiq edilib. 

Bundan başqa, vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarının şifahi müsahibə mərhələsindən müvəffəqiyyətlə keçmiş, əvvəllər vəkil və hakim işləmiş vəkilliyə namizədlərin Kollegiya üzvlüyünə qəbul məsələsinə baxılıb və müsbət qərar verilib, həmin şəxslər iclasda vəkil andı içiblər. 

İclasda “Əkrəm Həsənov və partnyorları” Vəkil Bürosunun təsis edilməsi ilə bağlı məsələyə baxılaraq müsbət qərar verilib, o cümlədən, “Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilməli olan xidmət haqqının nağdsız formada ödənilməsi barədə” Qaydalar müzakirə olunub. 

İclasda həmçinin bir sıra intizam məsələlərinə baxılıb, müvafiq qərarlar qəbul edilib. 

Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.