Mirzayev&Partners
    20 İyul
    Baku
    23°

Vəkillər Kollegiyası sədrinin müşaviri Əli Qəmbərov: "Qanunsuz vəkillik fəaliyyəti ilə mübarizə tədbirləri davam etdirilir"

“Ölkəmizdə vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi və insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi istiqamətində Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müvafiq tədbirlər davam etdirilməkdədir”.  

Bunu e-huquq.az-a açıqlamasında Vəkillər Kollegiyası sədrinin müşaviri Əli Qəmbərov deyib.

O deyib ki, son vaxtlar Vəkillər Kollegiyasının Rəyasət Heyətinə daxil olan çoxsaylı şikayətlər nəticəsində bir çox şəxslərin vəkil adından qanunsuz istifadə etdiyi məlum olub: “Belə hallar vətəndaşlarımızın və digər şəxslərin Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsində təsbit edilmiş yüksək keyfiyyətli hüquqi yardım almaq hüququna maneçilik törətməklə bərabər, vəkilliyin nüfuzuna da mənfi təsir göstərir. Əlavə olaraq qeyd edim ki, sözügedən problemin həlli, habelə vəkil adından qanunsuz istifadə hallarının qarşısının alınması ilə bağlı 1 aprel 2018-ci il tarixindən etibarən Vəkillər Kollegiyasının Rəyasət Heyəti vəkillik fəaliyyəti ilə əlaqədar bır sıra ifadələrin (“vəkil”, “advokat”, “адвокат”, “hüquq məsləhətxanası”, “Azərbaycan Vəkillər Kollegiyası” və s.) Patent və Əmtəə Nişanları Mərkəzində qeydiyyatını həyata keçirtmişdir. Artıq vəkil olmayan şəxslərin qeyd olunan ifadələrdən istifadəsi qanunla cinayət və ya inzibati məsuliyyətin yaranmasına səbəb olacaqdır. Belə ki, Cinayət Məcəlləsinin 197-ci, İnzibati Xətalar Məcəlləsinin 399 və 412-ci maddələri vəkil adından və əmtəə nişanlarından qanunsuz istifadəyə görə məsuliyyət müəyyən edir”. 

Ə. Qəmbərov qeyd edib ki, vəkillik təsisatının nüfuzunun artırılması, vətəndaşların və digər şəxslərin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin olunması məqsədilə qanunsuz vəkillik fəaliyyəti ilə mübarizə tədbirləri bundan sonra da davam etdiriləcək: “Vəkil adından qanunsuz istifadə halları ilə qətiyyətlə mübarizə aparılacaq”. 

Sədr müşaviri belə hallarla bağlı vətəndaşlara müraciət edib: “Bununla bağlı, vətəndaşlardan xahiş olunur ki, Vəkillər Kollegiyasının rəsmi veb-səhifəsində yerləşdirilmiş "Vəkillərin reyestri" bölməsi və ya Vəkillər Kollegiyası Rəyasət Heyəti ilə əlaqə saxlayaraq özünü vəkil kimi təqdim edən şəxsin Vəkillər Kollegiyasının üzvü olub-olmamasını yoxlasınlar, qanunsuz olaraq vəkil adından istifadə edilməsi halında isə Vəkillər Kollegiyasının “Qaynar xətt”ə zəng edərək bu barədə məlumat versinlər.”