"“Qaloş piri” barədə videogörüntü doğrudursa, dələduzluqla bağlı cinayət işi başlanıla bilər” - VƏKİL 

Bir neçə gündür sosial şəbəkələrdə Goranboy rayon Qurbanzadə kəndində "Qaloş piri" adı ilə videogörüntü yayılıb. Məsələyə münasibət bildirən deputatlar “Qaloş piri” tipli yerləri təşkil edənlərin cəzalandırılmasını istəyiblər. Bəs həmin dini mərasimi təşkil edən şəxs və ya şəxslərin əməlində cinayət tərkibi varmı?

Vəkil Vamiq Şükürov e-huquq.az-ın sorğusuna cavab olaraq bildirib ki, dələduzluq ittihamı Azərbaycan Cinayət Məcəlləsinin özgəsinin əmlakını mənimsəmə cinayətlərinin növlərindən sayılır.

Onun sözlərinə görə, bu, özgəsinin əmlakını aldatma yolu ilə və ya həmin şəxsin etibarından sui-istifadə edərək mənimsəmə cinayəti hesab edilir: “Sosial şəbəkələrdə yayılan Goranboy rayonu, Qurbanzadə kəndindəki “Qaloş piri” barədə məlumat (zərərçəkmiş şəxslər tərəfindən şikayət olduğu halda) alındıqdan sonra gərək dələduzluq cinayətinin tərkib əlamətlərinin olub-olmamasını müəyyən etmək üçün istintaq orqanları tərəfindən araşdırma aparılsın. Əvvəlcə müəyyən edilməlidir ki, yayılan videoda göstərilən mərasimi təşkil edən şəxs vəfat etmiş seyiddən qalma geyim vasitəsinin təbərrük kimi istifadə olunması (videoda göstərilən əşyanın insanların başına çəkilməsi)  nəticəsində şəfa tapması barədə insanlara yalan məlumat verib və onları aldadıbmı?  İkincisi, insanları bu yolla aldadaraq onların pulunu mənimsəyibmi? Əgər o, bu yolla insanları aldadıb, pullarını mənimsəyirsə, zərərçəkənlərin şikayətlərinə əsasən dələduzluq cinayətinin törədilməsindən danışmaq olar. Amma belə hallarda biz ehtiyatlı olmalıyıq. Niyə? Çünki burada xalqın inancları məsələsi var”.

Vəkil qeyd edib ki, din xadimləri, o cümlədən seyidlər adı ilə adlandırılan şəxslərin adından istifadə edənlər, həmçinin ekstrasenslər, cadugərlər, falçılar barəsində hüquq pozuntuları ilə bağlı şikayətlər olarsa və artıq qeyd olunduğu kimi insanların aldadılaraq pullarının mənimsənilməsi aşkar olunarsa, onlar cinayət məsuliyyətinə cəlb edilə bilərlər: “Hesab edirəm ki, bu zaman dələduzluq cinayətinin həqiqətən də baş verib-verməməsini müəyyən etmək lazımdır. Bu kimi hadisələrə standart yanaşmaq olmaz. Cinayətin baş verib-verməməsi konkret olaraq həmin hadisənin araşdırılmasından asılıdır. Azərbaycanda müəyyən hörmətli insanlar var ki, xalq həmin insanların uzun müddət ərzində nümunəvi dini və ictimai rəftarlarına görə onlara dərin hörmət edir. Həmin şəxslər nüfuzlu insanlar kimi tanınırlar. Məsələn, vaxtilə İçərişəhərdə yaşamış Mirmövsüm ağa, yaxud insanların yüz illərlə ziyarət etdiyi və dövlət tərəfindən tarixi abidə hesab edilən ziyarətkahlar. Camaat onlara etimad etdiyi üçün, inandıqlarına görə və dini inanclarl ilə əlaqədar olaraq, həmin şəxslərə, onların övladlarına və ya ziyarətkahlara nəzirlər gətirib verirlər. Adətən insanlar öz məişət problemlərinin həll edilməsi üçün əhdlər edib həyata keçdiyi təqdirdə xalq arasında etibar qazanmış nufuzlu şəxslərə və ya ziyarətkahlara nəzir verəcəklərinə söz verirlər. Bu zaman onların verdiyi nəzirləri qəbul edən nufuzlu şəxsləri və ya ziyarətkahları idarə edənləri məsuliyyətə cəlb etmək üçün heç bir hüquqi əsas yoxdur. Yalnız həmin nufuzlu və xalq arasında etibarı olan şəxslərin və ya ziyarətkahların adından dini ayinlər təşkil edən şəxslərin insanların məişət problemlərini həll edəcəyini vəd edib  onların pulunu mənimsəyərək aldatması müəyyən edildikdə Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq cinayətinin törədilməsini iddia etmək olar. Əks təqdirdə hər hansı cinayətin törədilməsini iddia etmək gülünc olar. Bu məntiqlə Bayılda yerləşən Bibiheybətə, Nardaranda fəaliyyət göstərən ziyarətkaha və digər yerlərdəki dini yerlərə, yaxud xalq arasında böyük nüfuza malik olan seyidlərin və digər şəxslərin yanına gedib müəyyən diləklərinin həyata keçməsi üçün nəzir verən insanların dələduzluq yolu ilə aldadılmasını iddia etməliyik. Yenə də bu məntiqlə dünyanın müxtəlif yerlərində yerləşən və uzun müddət ərzində insanların inandıqları islami, xristian, yəhudi və digər etiqadların dini məbədlərini,  ziyarətkahlarını və nüfuzlu ruhani şəxslərini ziyarət edib nəzir verən və qurban kəsən adamların aldadılmasını irəli sürməliyik".

V.Şükürov deyib ki, dələduzluq cinayətləri ictimai-xüsusi ittiham cinayət təqibinə aiddir: “İctimai-xüsusi ittiham cinayət təqibinin də xüsusiyyəti budur ki, əgər şikayətçi olarsa, cinayət təqibi başlanılır. Talama cinayətlərində şikayətçi olmazsa, onda cinayət işi açıla bilməz. Bu cinayətlərdə gərək şəxsin, yəni zərərçəkmişin özü şikayət etsin. Zərərçəkmişin özü şəxsən şikayətçi olmasa, onda burada dələduzluqdan söhbət gedə bilməz. Amma konkret bu məsələ ilə bağlı şikayətçi olarsa, sosial şəbəkələrdə yayılan “Qaloş piri” barədə videogörüntü doğrudursa, həqiqəti əks etdirirsə və videoda göstərilən şəxs insanların məişət problemlərini həll edəcəyini söz verib onların pulunu mənimsəyibsə, bu zaman dələduzluqla bağlı cinayət işi başlanıla bilər”.