Mirzayev&Partners
    20 İyul
    Baku
    23°

Verilən borc geri qaytarılmadığı halda cavabdehdən məhkəmə qaydasında tələb edilməsi nə dərəcədə perspektivlidir?

Azərbaycanda bir şəxsin digər şəxsə verdiyi borcun geri qaytarılmadığı halda, həmin məbləğin cavabdehdən məhkəmə qaydasında tələb edilməsi nə dərəcədə perspektivlidir?

Bununla bağlı sualları vəkil Fuad Babaşov cavablandırıb.

O qeyd edib ki, yaşadığımız həyat müxtəlif ictimai münasibətlərin məcmusudur və bu münasibətlər müvafiq normativ-hüquqi aktlarla tənzimlənir: “Lakin ictimai münasibətlərin ən böyük hissəsi mülki dövriyyənin payına düşür. Mülki dövriyyə iştirakçıları arasında yaranan münasibətlərdə əhəmiyyətli məqamlardan biri də borc münasibətləridir. Borc münasibətləri şəxslərin maddi ehtiyacları üzündən yaranır. Vətəndaşlar birinin digərinə olan inamından və etibarından irəli gələrək bir-birinə borc verir. Bu zaman borc müqaviləsi bağlanır. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür”.

Vəkil bildirib ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır: “Lakin borcu qaytarmaq məqamına çatdıqda isə borc alan borcu geri qaytara bilmir və ortaya müxtəlif problemlər çıxır. Belə ki, üzrlü: - maddi imkanın aşağı olması, xəstəlik və ya üzrsüz səbəblərdən borc qaytarıla bilmir. Təbii ki, borcun vaxtında qaytarılmaması borc verən şəxsin maddi vəziyyətini ağırlaşdırır və onu gələcək gəlir və faydadan məhrum edir. Bu hal isə borc verənin hüququnun pozulmasına səbəb olur. Bunu nəzərə alaraq vətəndaşlar pozulmuş hüquqlarının bərpası və müdafiəsi məqsədilə məhkəməyə müraciət edirlər. Bu hallarda çox vaxt məhkəmə perspektivi çox aşağı olur və ya heç olmur. Qanunvericilikdə borc müqaviləsinin tərəflərin razılaşmasından asılı olaraq, şifahi və ya yazılı qaydada bağlanması göstərilsə də şifahi qaydada bağlanmış müqaviləni məhkəmədə sübut etmək çətindir. Çünki borcun verilməsini təsdiq edən heç bir sübut məhkəmə tərəfindən təmin edilə bilmir. Məhkəmə məhz tərəflərin təqdim etdiyi sübutlara əsaslanaraq iş üzrə yekun qətnamə qəbul edir. Sübutlar sırasına şahid ifadələrini, şahidlərin və tərəflərin iştirakı ilə yazılı aktı, notarial müqavilə və ya imzanın həqiqiliyi təsdiq edilmiş ərizəni aid etmək olar. Hesab edirik ki, hər bir şəxs şifahi qaydada borc verərkən borc alandan ən azı pulun alınmasını təsdiq edən yazılı qəbz tələb etməli və ən azı 2 nəfər şahidin iştirakını təmin etməlidir. Yazılı müqavilənin, xüsusilə notarial müqavilənin olması daha üstün sübut əhəmiyyəti daşıyır. Notarial borc müqaviləsi ona görə üstün hüquqi qüvvəyə malikdir ki, borc tərəflərin və notariusun, və ya bu əməliyyatı təsdiq edən səlahiyyətli şəxsin iştirakı ilə verilir və bağlanmış müqavilədə tərəflərin imzasının həqiqiliyi təsdiq edilir. Buna görə vətəndaşlara borc müqaviləsinin əsasən, notarial qaydada bağlanmasını məsləhət görürük. Xüsusən Mülki Məcəllədə göstərilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Bu artıq qanunvericiliyin zəruri tələbidir. Hüquqi şəxslərin iştirakı ilə olan müqavilələrin möhürlə təsdiqi əlavə olaraq notariusa müraciət edilməsini zəruri etmir”.

                                              Vəkil Fuad Babaşov

“Beləliklə son olaraq onu bildirim ki, şifahi qaydada bağlanan borc müqavilələrinin əlavə sübutlarla (şahidlərin iştirakı ilə bağlanması, qəbzin verilməsi və ya aktın tərtib edilməsi, yazılı müqavilənin bağlanması, notarial müqavilə və ya notariusda imzanın həqiqiliyi təsdiqi edilmiş ərizənin olması) möhkəmləndirilməməsi borcun məhkəmə qaydasında alınması perspektivini heçə endirir”, - deyə F.Babaşov söyləyib.