Mirzayev&Partners
    19 İyul
    Baku
    23°

Valideynlər ayrılarsa, uşaq kimin yanında qalmalıdır? - ŞƏRH

Tərəflər boşanarsa, uşaq hansı valideynin yanında qalmalıdır? Valideyn valideynlik hüququndan nə vaxt məhrum olunur?

Məsələni e-huquq.az-a vəkil Cavad Cavadov şərh edib. 

Onun sözlərinə görə, uşağın hansı valideynin yanında saxlanılması barədə Ailə Məcəlləsində valideynlik hüququndan məhrum etmə və valideynlik hüquqlarının məhdudlaşdırılması institutları mövcuddur. 

Vəkil qeyd edib ki, birinci halda valideyn uşağa münasibətdə bütün hüquqlardan məhrum olur, lakin bu, onu valideynlik vəzifələrindən məhrum etmir: “Valideynlik hüquqlarından məhrum etmənin əsasları məhduddur - öz valideynlik vəzifələrini yerinə yetirmədikdə alimenti qəsdən ödəmədikdə, heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı müalicə, tərbiyə, əhalinin sosial müdafiəsi müəssisəsindən və digər analoji müəssisələrdən götürməkdən imtina etdikdə, valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə, xroniki alkoqol və narkomaniya xəstəsidirsə;uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə. Valideynlərin davranışı onlarla qalan uşaq üçün təhlükəlidirsə, valideynlik hüquqlarından məhrumetmə üçün əsas yoxdursa, valideynlik hüquqlarının məhdudlaşdırılmasına yol verilir. Valideynlər öz davranışını dəyişməzlərsə, valideynlik hüquqlarının məhdudlaşdırılması barədə məhkəmə qətnaməsinin çıxarılmasından 6 ay keçdikdən sonra müvafiq icra hakimiyyəti orqanı uşaqların mənafeyini nəzərə alaraq valideynlik hüquqlarından məhrumetmə iddiası qaldırmalıdır. Uşağın hansı valideynin yanında qalması (ayrı yaşayın valideynlər və nikah pozulduğu halda) kimi məsələlər tərəflərin qarşılıqlı razılığı əsasında həll olunur, bununla bağlı mübahisə olduqda məhkəmə qaydasında həll olunur. Hər bir halda məhkəmə nikah pozularkən tələb irəli sürülməsindən asılı olmayaraq həmin məsələni qətnamə ilə həll etməlidir. Bir valideynin digər valideynə qarşı uşağın alınması və onun himayəsinə verilməsinə dair istənilən vaxt iddia qaldırmaq hüququ vardır. Ümumiyyətlə, hər bir halda yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla bunlar nəzərə alınmalıdır - uşağın yaşı, onun fikri, uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı, valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri, valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər, uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq əsas ola bilməz. Uşaqların kimin yanında qalması ilə bağlı ər-arvad arasında bağlanmış saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa, məhkəmə iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq uşağın maraqlarının müdafiəsi üçün Ailə Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş qaydada qəyyumluq və himayə orqanını işdə iştirak etməyə cəlb etməlidir. Həmin orqan mübahisə ilə bağlı uşağın və ayrı yaşayan valideynlərin həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair əsaslandırılmış rəyini məhkəməyə təqdim etməyə borcludur”.

                                                  Vəkil Cavad Cavadov

C.Cavadov onu da əlavə edib ki, zərurət olduqda, Mülki Prosessual Məcəllənin 97-ci maddəsinin tələbinə müvafiq olaraq məhkəmə-psixoloji ekspertizası da təyin edilə bilər: “Alınan rəylər məhkəmə üçün məcburi əhəmiyyətə malik deyil. Uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Bununla bağlı uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilə bilər. Qanuna görə 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Valideynin həyat tərzi ilə bağlı uşaqların alınaraq digər valideynə verilməsi ilə iddialara həmçinin yuxarıda götərilən ümumi meyyarlar baxımından həll edilməli və hər bir halda uşağın mənafeyi üstün götürülməlidir”.