Mirzayev&Partners
    22 İyul
    Baku
    23°

“Təfəkkür” Universiteti nazirliyi məhkəməyə verib

Fəaliyyəti dayandırılan Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu İri Sığortaedənlərlə İş İdarəsini məhkəməyə verib. 

E-huquq.az-ın xəbərinə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən universitet 01.01.12-ci ildən 01.10.18-ci ilin 3-cü rübü də daxil olmaqla təqdim edilmiş dəqiqləşdirilmiş hesabatların qəbul edilməməsi kimi hərəkətlərin qanunsuz hesab edilməsi barədə tələb irəli sürüb. 

Məhkəmə iddianı mümkünsüz sayaraq qərardad çıxarıb. 

Həmin qərardaddan narazı qalan Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti apellyasiya şikayəti verib. 

Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərardadı dəyişdirmədən saxlayıb. 

Qeyd edək ki, Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti 2016-cı ilin oktyabr ayının 11-də Təhsil Nazirliyinə müraciət edərək, universitetin Təsisçilər Şurasının maliyyə vəziyyətində yaranmış problemlərlə əlaqədar fəaliyyətinin dayandırılması barədə qərarın qəbul edildiyini bildirib

Məlumata görə, göstərilənləri, habelə universitetin 5 illik akkreditasiya müddətinin 2016-cı ildə bitdiyini nəzərə alaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyi “Təfəkkür” Universitetinin akkreditasiyasının keçirilməməsi, 2017-2018-ci tədris ili üçün tələbə qəbulunun proqnozlaşdırılmaması və tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə İşçi qrupunun yaradılması barədə qərar qəbul edib.