Mirzayev&Partners
    20 İyul
    Baku
    23°

Tanınmış vəkil şahmat yarışmasının qalibi olub - FOTOLAR

İyunun 15-də Vəkillər Kollegiyasının "Vəkil klubu" tərəfindən Sumqayıt Şahmat Məktəbində “15 iyun - milli qurtuluş günü” və Azərbaycanda vəkilliyinin 100 illiyi münasibəti ilə “I Vəkil Şahmat” yarışması keçirilib.

Kollegiyadan e-huquq.az-a verilən məlumata görə, yarışmanın məqsədi ölkədə şahmat idman növünün inkişafına dəstək olmaq, vəkillərin şahmat idman növünə olan bacarıqlarını nümayiş etdirməsinə şərait yaratmaq və onların bacarıqlarını qiymətləndirməsindən ibarət idi.

Respublika üzrə yarışa 28 vəkil və vəkilliyə namizədlər qatılıb.

Bir gün ərzində keçən yarışmanın nəticəsində “Əkrəm Həsənov və partnyorları” vəkil bürosunun müdiri, vəkil Əkrəm Həsənov 1-ci, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Aydın Ələkbərov 2-ci, “Femida” Vəkil Bürosunun vəkili Elşən Səfərov 3-cü yeri tutub.

Qeyd edək ki, yarışma Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri cənab Anar Bağırov, Dağıstan Respublikası Vəkillər Kollegiyasının sədri cənab Akif Beybutov, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədr müavinləri Aydın Axundov, Pərviz Ələkbərov, Rəyasət Heyətinin üzvü cənab Muxtar Mustafayev tərəfindən izlənilib.

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarına əsasən, yarışın mükafat fondu 900 manat təşkil edir. 1-ci yer tutana 400 manat, 2-ci yer tutana 300 manat və 3-cü yer tutana 200 manat mükafat və fəxri diplomlar təqdim olunacaqdır.