Mirzayev&Partners
    19 İyul
    Baku
    23°

Tanınmış futbolçuya qarşı dələduzluq edən şəxslərə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Çingiz Bağırov və Eynur Xudiyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Xudiyev 11 il və Ç.Bağırov isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham akıtına əsasən, “Bakı” MTK-nın vəzifəli şəxsləri - Ç.Bağırovla E.Xudiyev başqasına satılan mənzili təkrarən bir neçə nəfərə sataraq dələduzluq ediblər.

Belə ki, onlar Ruslan Babayevin adına olan Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən mənzili 2014-cü il dekabrın 10-da Siyavuş Dadaşova 166 min 600 manata satıblar. Həmin mənzili dekabrın 30-da isə 180 min dollara Ramiz Hüseynova satıblar.

Həmin şəxslər bu işləri şirkətin İdarə Heyətinin sədri Emil Məhərrəmovla birgə həyata keçiriblər. Daha sonra onlar Rəşad Əliyevdən 144 min dollar, Fuad Babayevdən 135 min manat alaraq başqalarına satdıqları mənzili təkrar satıblar.

Bundan başqa, təqsirləndirilən şəxslər Ulduzə Cəbrayılovaya məxsus mənzili Eldar Rüstəmova 170 min manata, İmam Süleymanlıya məxsus mənzili isə Dilşad Məmmədovaya 99 min 500 manata sataraq dələduzluq ediblər.

Qeyd edək ki, cinayət işi üzrə zərərçəkmişlər arasında “Qarabağ”ın sabiq futbolçusu, hazırda “Səbail” klubunda çıxış edən Rahid Əmirquliyev də var. Onun aldığı iki mənzil də başqa şəxslərə satılıb. R.Əmirquliyevə, ümumilikdə, 150 min manatdan çox ziyan dəyib.

Xatırladaq ki, təqsirləndirilən Ç.Bağırov 14 il əvvəl quldurluq ittihamı ilə məhkum olunub.