Sumqayıtda Regional Vəkil Bürosu fəaliyyətə başlayacaq

 

Sumqayıtda Regional Vəkil Bürosunun açılış mərasimi keçiriləcək.

E-huquq.az-ın xəbərinə görə, "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikasının Prezidentinin 22 fevral 2018-ci tarixli 3707 saylı Sərəncamının 1.2-ci bəndinə əsasən Vəkillər Kollegiyasının Sumqayıt şəhərində bina ilə təmin olunması nəzərdə tutulub. 

Sərəncamın icrasının təmin edilməsi məqsədilə "Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının istifadəsinə qeyri-yaşayış sahəsinin verilməsi haqqında" Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 sentyabr 2018-ci il tarixli 635s nömrəli sərəncamı ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon, Zülfü Hacıyev küçəsi 71 ünvanda yerləşən doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsindəki, 171,6 kv.m. qeyri-yşayış sahəsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının əvəzsiz istifadəsinə verilib. 

Büronun açılış mərasimi mayın 21-də baş tutacaq. Tədbirdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) peşəkar eksperti, Almaniyanın Hessen vilayətinin Vəkillər Palatasının üzvü Rudolf Lauranın çıxışları dinləniləcək. 

Qeyd edək ki, yeni yaradılan büronun rəhbəri tanınmış vəkil Anar Qasımlıdır.