Mirzayev&Partners
    18 İyul
    Baku
    23°

Səyyad Mirzəyev: “Piyada zolağı olmayan yerdən keçən şəxsi vurmuş sürücüyə cinayət işi açılmamalıdır” - MÜSAHİBƏ

Uzun müddət yol-nəqliyyat hadisələrini araşdıran sabiq müstəntiq, Vəkillər Kollegiyasının üzvü Səyyad Mirzəyevin e-huquq.az-a müsahibəsi

Səyyad bəy, statistikaya görə, Azərbaycanda yol qəzaları nəticəsində ölənlərin sayı getdikcə artır. Sizcə, bunun əsas səbəbləri nədir?

-Mən uzun müddət polis orqanlarında müstəntiq vəzifəsində çalışmışam. O zamanlar Bakı şəhəri üzrə yol-nəqliyyat hadisələrinin istintaqını aparan şöbədə işləmişəm. Sonradan həmin şöbənin rayonlarda nümayəndəlikləri yaradıldı. 1979-cu ildən 2004-cü ilədək Nərimanov rayonu üzrə yol-nəqliyyat hadisələrinin istintaqını aparan müstəntiq olmuşam. Daha sonra imtahan verərək Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olmuşam. Hazırda 4 saylı vəkil bürosunda çalışıram. Bu baxımdan bir mütəxəssis kimi bir neçə səbəbini deyə bilərəm. Ən başlıca səbəb maşınların həddindən çox olmasıdır. Digər bir səbəb insanların özlərinə qarşı diqqətsizliyidir. Piyadalar düşünür ki, sürücü hər zaman onları görür. Bütün məsuliyyəti sürücünün üzərinə yıxırlar. Bəzən kimsə əlində telefon, qulağında qulaqlıq ətrafına baxmadan yol keçir. Bu cür diqqətsizlik ağır qəzalara səbəb ola bilir. Eyni zamanda yetkinlikyaşına çatmayan şəxslərin, sürücülük vərdişlərinə yiyələnməyən gənclərin avtomobillərə maraq göstərməsi də qəzalara səbəb olan başlıca amillərdəndir.

Son zamanlar yol nəqliyyat hadisələrində piyadaların iştirakı ilə baş verən qəzalar çoxluq təşkil edir. Əksər hallarda piyada keçidi olmayan yerlərdən keçən şəxsləri avtomobil vurur və bu, piyadanın ölümü ilə nəticələnir. Belə olduğu halda cinayət işi başlanmalıdır?

-Sovet dönəmində bütün MDB məkanında bu sahədə ixtisaslaşma var idi. Bir dəfə nümayəndə kimi 3 aylıq kursa qatılmışdım. Biz orada müstəntiqlərlə bu məsələni müzakirə edirdik. Onlar bildirdilər ki, əgər piyada zolağı olmayan yerdən keçən şəxsi avtomobil vurubsa, bununla bağlı cinayət işi açılmır. Piyadanın yalnış yerdən keçdiyi və sürücünün günahı olmadığı barədə akt yazılır. Amma bizim qanunvericiliyimizə görə, ölüm faktı olduğu halda cinayət işi açılır və istintaq aparılır. Sürücünün texniki imkanları yoxlanılır, ekspertiza təyin olunur və sair. Ümumiyyətlə, yol-nəqliyyat hadisələri zamanı bir çox hallarda sürücülər öz hüquqlarını bilmirlər və yalnış ifadə verirlər. Bu da onların əleyhinə olur. Belə şeylərin dəfələrlə şahidi olmuşam. Məsələn, əksər sürücülər qəza baş verən zaman getdikləri sürəti qəsdən az deyirlər. Tutaq ki, 60-la sürməyə icazə olan yerdə 50-40-la getdiklərini deyirlər. Halbuki, sürət az olanda avtomobili saxlamaq imkanı da yüksək olur. Bunu dərk etmirlər və qorxduqlarına görə öz zərərlərinə ifadə verirlər.

Yəqin ki, məlumatınız var, Cinayət Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı vəkillər tərəfindən təkliflər paketi hazırlanır. Bəs siz mütəxəssisi olduğunuz bu sahə ilə bağlı Cinayət Məcəlləsində hansı dəyişikliklərin olmasını istəyərdiniz?

- Az ağır cinayətlərlə bağlı maddələrdə dəyişiklik edilməsi yaxşı olardı. Çünki az ağır cinayətlərin elə də təhlükəli nəticəsi olmur. Amma buna görə insanları məhkum edirlər, məhkəmələrə göndərir, cəzalandırırlar. Təxminən 2 il öncəki dəyişikliyə əsasən, az ağır və ağır xəsarətə səbəb olmuş yol-nəqliyyat hadisələrində zərərçəkmiş şəxlər şikayət etmirsə, buna görə artıq cinayət işi açılmır. Açılıbsa, buna xitam verilir və ya məhkəmə prosesi gedibsə, məhkəmə ona bəraət verir. Ancaq ölüm hadisəsi olduğu halda cinayət işi açılır. Bu, çox yaxşı haldır. Hesab edirəm ki, dəyişikliklər hələki kifayət qədər yaxşıdır. Vaxt keçdikcə, bunlar özünü doğrultmasa, yenə də dəyişiklik etmək olar. Həmçinin, mən piyadaların səbəb olduğu qəzalarla bağlı məsələdə dəyişiklik olmasını istəyərdim. Yəni, şəxs piyada zolağı olmayan yerdən keçdiyi zaman avtomobil vurubsa, bu zaman sürücüyə cinayət işi açılmasın.

Piyadalarla bağlı ciddi reydlər aparılır, müxtəlif cərimələr tətbiq olunur. Siz bu işlərin nəticəsindən razısınızmı?

-Hələki, onun ciddi nəticəsini görmürəm. Düşünürəm ki, piyadalarla bağlı tədbirlər gücləndirilməli, cərimələr artırılmalıdır. Bu gün  piyadaların vurulması hadisələrinin 70-80 faizi onların öz günahı ucbatından baş verir. Lakin texniki ekspertiza təyin olunduqda, sürücülərə cəza tətbiq olunur, piyadalar üçün isə heç bir cəza növü təyin edilmir. Məncə, bu məsələyə çox ciddi yanaşılmalı, təhlükəni törədənlər cinayət məsuliyyətinə cəlb olunmalıdır.

Qəzaların bir çoxu sürücülərin sərxoş olduğuna görə baş verir. Bu kimi hallara görə hansı tədbirlər görülməlidir?

-Əvvəllər sərxoşluq cinayət məsuliyyəti yaratmırdı. Sürücünün sərxoş olması ancaq inzibati xəta hesab olunurdu. Amma sonradan sürücülük vəsiqəsi olmayan şəxsin qəza törətməsi ilə sərxoş vəziyyətdə sürücünün qəza törətməsi halları barədə maddələr bir-birindən ayrıldı. Bu dəyişiklik təqdirəlayiqdir.

Bəzən sürücülər qəza törətdikdən sonra hadisə yerindən qaçırlar. Buna səbəb nədir?

-Qorxduqlarına görə qaçırlar. Hesab edirəm ki, belə vəziyyətdə qorxmaq lazım deyil. Əksinə, zərərçəkmişə kömək etmək lazımdır. Bu, ilk növbədə insanlıq vəzifəsidir. Həm də hadisə yerindən qaçmaq sürücü üçün əlavə problemlər yaradır. İstənilən halda, gec-tez həmin sürücü hüquq-mühafizə orqanları tərəfindən saxlanılır və əlavə məsuliyyətə cəlb olunur. Ona görə də ən azından özlərinə zərər vurmamaq üçün hadisə yerindən qaçmağa cəhd etməməyi tövsiyə edərdim.

Çox maraqlıdır ki, 2 nəfərin ölümünə səbəb olan qəzanı törədən sürücü 10 ilədək həbs cəzası alır, eynilə 6 nəfərin ölümünə səbəb olan da şəxs barəsində də ən yüksək sanksiya 10 ilədək hesab edilir. Sizcə, bu, düzgündürmü? Ümumiyyətlə, ölümlə nəticələnən yol qəzaları ilə bağlı qanunvericilikdə hər hansı boşluqlar varmı?

-Bizdə qanunvericilik bu məsələyə humanistlik prinsipi ilə yanaşır. Yəni, qəza ehtiyyatsızlıqdan baş veribsə, həmin şəxsi ömürlük həbs cəzasına məhkum etmək və ya ölüm hökmü vermək olmaz axı. Ehtiyyatsızlıdaq baş vermiş qəzada 2 nəfər də ölə bilər, 20 nəfər də.  Mən buna boşluq deməzdim. Çünki qəza ehtiyyatsızlıqdan baş verib, sürücü bunu qəsdən törətməyib.

Bəs, beynəlxalq təcrübə bu barədə nə deyir?

-Beynəxalq təcrübədə bu məsələyə münasibət fərqlidir. Məsələn, İranda təqsirkar “qan pulu” ödəyərək cəzadan azad ola bilər. Yəni, müəyyən olunmuş miqdarda cərimə ödəyirlər. Həmin məbləği konkret deyə bilmərəm, bu, qanunvericiliyə əsasən müəyyən olunur. Lakin təbii ki, burada da hadisənin ehtiyyatsızlıqdan baş verməsi faktı əsas götürülür. Qəsdən törədilmiş qəzalara şamil olunmur.

Səyyad bəy, bildiyiniz kimi, Azərbaycanda kommersiya məhkəmələri yaradılmasına qərar verilib. Necə düşünürsünüz, yol-nəqliyyat hadisələri ilə bağlı ixtisaslaşmış məhkəmələrin yaradılmasına ehtiyac varmı?

-Daha öncə də qeyd etdiyim ki, sovet hakimiyyəti illərində məhz yol-nəqliyyat sahələri üzrə ixtisaslaşmış şöbə fəaliyyət göstərirdi. Lakin sonradan ləğv olundu. İndi yenidən ixtisaslaşma gedir. Məhkəmələrdə artıq cinayət işlərinə və mülki işlərə ayrı-ayrı hakimlər baxır. Ümumiyyətlə, ixtisaslaşma bütün sahələrdə yaxşıdır. Məhkəmə sistemində də bunun tətbiq olunması çox yaxşı olardı.

Yol qəzalarının səbəblərindən danışarkən 18 yaşına çatmayan şəxslərin sükan arxasında oturması məsələsinə də toxundunuz. Həqiqətən də son zamanlar məhz bu səbəbdən baş verən qəzaların tez-tez şahidi oluruq. Bu halların qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

-Bu məsələdə əsas iş valideynlərin üzərinə düşür. Valideynlər övladlarının bu cür qanunsuz hərəkətlərinə şərait yaratmamalıdır. Eyni zamanda məktəblərdə də bu istiqamətdə maarifləndirmə işləri aparılmalıdır.

Yol qəzası ilə bağlı iş təcrübənizdə qarşılaşdığınız ən maraqlı və ya yaddaqalan hadisə nə olub?

-Belə hallar çox olub. İllər öncə Abşeron rayonunun raykom katibi ilə rəis-polkovnikinin olduğu avtomobil qəzaya düşmüşdü. Xırdalandan Bakıya gələrkən dumanlı hava şəraitinə görə “ZİL” markalı yük avtomobili əks istiqamətdə yola çıxaraq, onların ovtomobilinin  üstünə sürmüşdü. Həmin qəza o zamanlar çox müzakirə olunuşdu. Hətta Moskvadan gələn komisiya qəzanın qəsdən törədildiyni bildirmişdi. Zərərçəkmişlərin yaxınları da bunun sui-qəsd olduğunu iddia edirdi. Faktla bağlı istintaq işini mən aparırdım. Hadisə ilə bağlı bir neçə dəfə mərhum nazir Cəfər Cəbraylılovun da qəbulunda olmuşdum. Nəhayət, qəzanın sui-qəsd olmadığını, ehtiyyatsızlıdan baş verdiyini sübut edə bilmişdim.