Səfər Mehdiyev "Huawei" şirkətinin nümayəndə heyəti ilə görüşüb

Bakı şəhərində keçirilən Ümumdünya Gömrük Təşkilatının (ÜGT) "İnformasiya Texnologiyaları, Texnoloji İnnovasiyalar Konfransı və Sərgisi" çərçivəsində Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev "Huawei" şirkətinin Qlobal Hökumət işləri üzrə vitse- prezidenti Steven Şenqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən e-huquq.az-a verilən məlumata görə, görüşdə Səfər Mehdiyev Azərbaycan gömrük sistemində aparılan son islahatlar, xüsusilə informasiya texnologiyaların tətbiqi ilə bağlı məlumat verib. Bildirilib ki, Azərbaycan gömrük xidməti müasir texnologiyalar, gömrük nəzarəti prosesində tətbiq edilən ən yeni texniki vasitələrdən istifadə edir.

Azərbaycan gömrüyünün qısa zamanda blokçeyn texnologiyalarının tətbiqinə başlayacağını bildirən Komitə sədri bu istiqamətdə dünyanın aparıcı şirkətləri ilə əməkdaşlığa önəm verildiyini vurğulayıb.

Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin 2 il ərzində ÜGT-nin Avropa Regionuna rəhbərlik edəcəyini, bu missiyanı yerinə yetirərkən prioritet istiqamətlərdən birinin də blokçeyn texnologiyalarının gömrük sistemində tətbiqi olacağını qeyd edib. Komitə sədri "Huawei" şirkəti ilə bu görüşün İT texnologiyalarının gömrük sahəsindəki tətbiqinə mühüm şərait yaradacağına ümidvar olduğunu da vurğulayıb.

"Huawei" şirkətinin təmsilçisi Steven Şenq rəhbərlik etdiyi şirkət haqqında ətraflı məlumat verərək şirkətinin hədəfləri, gələcək məqsədləri barədə danışıb.

Blokçeyn texnologiyalarının, eyni zamanda süni intellektin tətbiqi ilə bağlı şirkətin gördüyü işlər haqqında məlumat verən Steven Şenq Azərbaycan gömrük xidməti ilə əməkdaşlıqdan məmnun olacaqlarını bildirib.

Şirkət nümayəndəsi Dövlət Gömrük Komitəsinin İT texnologiyaları sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirdiyini də qeyd edib.