Ramiz Rzayev: "Hakim vəzifəsinə seçim prosedurları Avropa standartlarına uyğunlaşdırılıb"

 

Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tong Op Kim Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşüb.

 E-huquq.az-ın xəbərinə görə, görüşdə Ali Məhkəmənin sədri Azərbaycanla Koreya arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb.

Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin strukturu və fəaliyyəti, məhkəmə hüquq sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verən R. Rzayev bildirib ki, Azərbaycanda Beynəlxalq hüquqi aktlar, xüsusən də “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəaları, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ tətbiq olunur. Onun sözlərinə görə, məhkəmə sistemində ən yeni informasiya texnologiyalarından istifadə edilir və hakim vəzifəsinə seçim prosedurları Avropa standartlarına uyğunlaşdırılıb.

Səfir Azərbaycanın müasir tələblərə cavab verən qanunvericilik bazasına xüsusi maraq göstərib. O, Azərbaycanın mövcud qanunvericiliyi və hüquq sistemi ilə daha yaxından tanış olmaq üçün qarşılıqlı əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib. Səfir iki ölkə arasında əlaqələrin böyük əhəmiyyət daşıdığını və bu əlaqələrin bundan sonra da davam etdiriləcəyini bildirib. 

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.