Mirzayev&Partners
    22 İyul
    Baku
    23°

Ramiz Rzayev: "Hakim adını qazanan insanların əksəriyyəti gənclərdən ibarətdir"

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 27-dən 29-dək Slovakiya Respublikasının paytaxtı Bratislavada keçirilən Mərkəzi və Şərqi Avropa ölkələrinin Ali Məhkəmə sədrlərinin 9-cu konfransında iştirak edib.

Ali Məhkəmənin mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, konfransın keçirilməsində əsas məqsəd məhkəmə sədrləri üçün ümumi maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparmaq, məhkəmələrin üzləşdiyi mövcud problemlərin həlli ilə bağlı təcrübələri paylaşmaq olub.

Tədbirdə müasir mətbuat mühitində məhkəmələrin dəyərlərinin ictimaiyyət tərəfindən səmərəli şəkildə öyrənilməsi, vahid məhkəmə təcrübəsinin yaradılmasında Ali Məhkəmənin rolu, insan hüquqlarının təşviqində məhkəmələrin əhəmiyyəti, hakimlərin seçilməsi, səmərəli intizam mexanizmləri, bütün mərhələlərdə dəqiq, əsaslandırılmış fikirlərin verilməsi mövzularında məruzələr dinlənilib.

Konfransın ikinci günündə Ali Məhkəmənin sədri Ramiz Rzayev “Hakimlərin seçilməsi” mövzusunda çıxış edib. Ali Məhkəmənin sədri qeyd edib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu məhkəmə-hüquq islahatlarını uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə ədalət mühakiməsinin inkişafında keyfiyyətcə yeni dəyişikliklər baş verib, məhkəmələrin fəaliyyətinin hüquqi əsasları yaradılıb, vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədi ilə regionlarda yeni məhkəmələr təşkil edilib, onların səlahiyyətləri genişləndirilib, sayı artırılıb, maddi təminatları yaxşılaşdırılıb. Bütün bunlar həm də hakimlərin şəffaf prosedurlar əsasında seçilməklə tərkibinin əsaslı şəkildə yeniləşməsinə nail olmaqla mümkün olub. Test üsulu ilə imtahan verən və bir neçə müsabiqə mərhələsindən keçərək hakim adını qazanan insanların əksəriyyəti gənclərdən ibarətdir. Hakimlərin ən şəffaf seçim proseduru bir sıra dövlətlərə nümunədir.

Məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində Məhkəmə-Hüquq Şurasının rolunu önə çəkən Ali Məhkəmənin sədri qarşıya çıxan problemlərin aradan qaldırılmasında, görülən işlərin və həyata keçirilən tədbirlərin həcminin və miqyasının artırılmasında kollegiallıq ənənələrindən geniş istifadə edildiyini bildirib.

Ali Məhkəmənin sədri bir sıra ölkələrin Ali məhkəmələrinin sədrləri ilə görüşlərində və söhbətlərində Azərbaycanda məhkəmə islahatı zamanı toplanmış müsbət təcrübəyə diqqəti cəlb edib, bununla bağlı geniş söhbət aparıb, suallara cavab verib. Faydalı fikir mübadiləsi zamanı Azərbaycanın məhkəmə təcrübəsinə böyük maraq göstərilib.