Ramin Qurbanov: “Vahid məhkəmə portalında ictimaiyyətə açıq olan qərarlar mütləq anonimləşdirilməlidir” - MÜSAHİBƏ

Yasamal Rayon məhkəməsinin hakimi, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti Ramin Qurbanovun e-huquq.az-a müsahibəsi

Azərbaycanın vahid məhkəmə portalında bəzi məhkəmələrin işləri saytda dərc edilmir. Növbəti illərdə həmin məhkəmələrin işlərini vahid məhkəmə portalında izləmək olacaq?

- Ölkə başçısının imzaladığı Fərmana müvafiq olaraq, bütün məhkəmə qərarlarının elektron dərci aparılmalıdır. Hazırda bütün iqtisadi mübahisələr üzrə məhkəmə qərarları dərc olunur. Həmçinin digər məhkəmə qərarları da sistemdə dərc edilir. Qanuna edilmiş dəyişikliyə görə, bütün qərarlar anonimləşdirilməlidir. Yəni fərdi məlumatlar məhdudlaşdırılmalıdır. Bizdə indi iki cür nəzərdə tutulub. Biri var vətəndaş şəxsi kabinetdə qeydiyyata düşübsə, ona göndərilən həmin qərar anonimləşdirilmədən yerləşdiriləcək. Ona görə ki, bu da sistemə özü məhdud bir girişdir. Lakin vahid məhkəmə portalında ictimaiyyətə açıq olan qərarlar mütləq anonimləşdirilməlidir. Ona görə ki, biz Avropa Şurası və Avropa Komissiyasının üzvüyük. Qərara əsasən, vətəndaşların fərdi məlumatları qorunmalıdır və buna xüsusi diqqət yetirilməlidir. Buna görə də ötən ilin dekabr ayında qanunvericilik məhkəmə qərarlarının dərci ilə bağlı qanuna dəyişiklik edəndə həmin qərarların, yəni ictimaiyyətə açıq olan qərarların mütləq anonimləşdirilməsini məcburi tələb irəli sürümüşdü. Azərbaycanda digər region məhkəmələri də növbəti ilin sonuna qədər sistemə qoşulandan sonra bütün qərarlar dərc olunacaq. Ancaq anonimləşdirilmək şərti ilə. Anonimləşdirmək nədir? Yəni şəxsin adı, soy adı, ata adı, onun yaşadığı ünvandır və bu fərdi məlumatlar da mütləq anonimləşdiriləcək.

Bəs onda jurnalistlər məlumatları məhkəmələrdən necə əldə edəcək?

- Beynəlxalq təcrübə onu göstərir ki, jurnalistlər məhkəmə prosesində iştirak edə bilərlər. Məhkəmə qərarları açıq elan olunur. Əgər jurnalistlər bununla maraqlanırsa, həmin proses də qapalı keçirilmirsə, onda iclasa daxil olub, elan olunmuş qərarlar barədə məlumat əldə edə bilərlər. Lakin onun açıq məhkəmə portalında yerləşdirilməsi mütləq anonimləşdirilməlidir. Çünkü həmin portalda nəyin ki, jurnalistlər, bütün dünyada yaşayan insanlar ona çıxış əldə edirlər. Biz də həmin vətəndaşların hüquqlarını mütləq qorumalıyıq. Məsələn nigahın pozulmasını götürək. Adam var ki, bu gün bir dəfə ailə qura bilməyib, nigah pozulub, sadəcə həmin məlumat internetdə qaldığına görə, yeni ailə quranda adını internetdə yazan kimi bütün qərarlar çıxır. Avropa İttifaqının 28 üzv dövlətinə aid xüsusi reqlament qüvvədədir. Bütün Avropa İttifaqı ölkələrində məhkəmə qərarları ictimai məlumat resuslarında yerləşdiriləndə anonimləşdirilir. Bu, bütün işlərə aidir. Düzdür, bəzi ölkələrdə - Qazaxıstan, Avstraliya, ABŞ-da isə qərarlar sistemə açıq yerləşdirilir. Avropa məkanında isə birmənalı anonimləşdirilməlidir. Mənim də fərdi yanaşmam odur ki, bu fərdi anonimləşdirilməlidir. Burada nəyin ki, fiziki şəxsə, eyni zamanda hüquqi şəxs də aidir. Həmin şirkətlə bağlı məlumatlar internetdə olsa, sabah onun gələcək sahibkarlıq fəaliyyətinə də mənfi təsir edəcək.

Məhkəməyə göndərilən cinayət işlərinin ümumi müşahidəsini apardıqda Azərbaycanda konkret olaraq hansısa cinayət əməlinin üstünlük təşkil etdiyini söyləmək olarmı?

- Bunu ümumi ölkə üzrə götürmək düzgün deyil. Regionlara görə bölünsə - məsələn, Cənub bölgəsində daha çox narkotik vasitələrin istifadəsi və satışı, sərhədyanı rayonlarda gömürük qanunvericiliyinin pozulması, Bakı məhkəmələrində, yəni Yasamal Rayon Məhkəməsində narkotikə olan meyillilik, oğurluq hadisələri daha çox üstünlük təşkil edir. Elə yerlər də var ki, tikinti əraziləri daha çoxdur və orada da tikinti qanunvericiliyinin pozulması müşahidə olunur. Azərbaycanda cinayət sahəsində işlərinin azalması müşahidə olunur, lakin mülki işlər artır. Bu da onu göstərir ki, iqtisadiyyat inkşaf edir və vətəndaşların məhkəmələrə inamı artır.

Bəzi vəkillər istər sosial şəbəkələrdə, istərsə də mətbuata açıqlamalarında hakimlərin işə tələm-tələsik baxdığını iddia edirlər ki, bu da nəticədə işin obyektiv araşdırılmasının qarşısını alır...

- Hazırda Azərbaycanda məhkəmə sisteminin elektron idarəetmə sistemi yaradılıb. Sistemin əsas mahiyyəti nədir? Düzdür, hakim işə nə qədər tez baxsa, bu dünyada müsbət bir indikatordur. Bizdə bir indikator var. Belə adlanır: - iki və daha az prosesə işi bitirən hakim. Amma bu indikator eyni zamanda apellyasiya şikayətinin nisbəti ilə götürülür. Şübhəsiz, ola bilər ki, hakim 100 işdən 70-nə qısa müddətdə baxıb bitirib, amma ondan apellyasiya şikayəti azdırsa, həmin hakim işini-gücünü qura bilib və vətəndaş ondan razı qalıb. Lakin o, çox sayda olan işini daha tez başa çatdırıb, həmin işlərdən apellyasiya şikayəti çoxdursa, bu o deməkdir ki, hakim öz işini düzgün qura bilməyib. Ona görə də bu qurulan sistem bizə imkan verəcək ki, hakimin fəaliyyəti müxtəlif indikator üzrə qiymətləndirilsin.

Ramin müəllim, gələcəkdə məhkəmələrdə mətbuatla işləyən şəxlər təyin edilməsi nəzərdə tutulur?

- Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının ötən il qəbul olunan müvafiq tövsiyəsində birmənalı olaraq, bütün dövlətlərə tövsiyə edilib ki, hər məhkəmədə ictimaiyyətlə əlaqə saxlayan bilən bir vəzifə təsis olunsun. Mən hesab edirəm ki, bu gün Azərbaycan məhkəmələrində mətbuatla əlaqələrə məsul olan bir şəxs işə götürülməlidir. Həmin şəxs mətbuatın suallarını cavablandırmalıdır. Çünkü hakim bunu edə bilməz. Ona görə ki, hakim məhkəmə qərarını çıxarana qədər iş barədə heç kəslə fikir mübadiləsi apara bilməz. Məhkəmə sədrinin onsuz da iş yükü, yəni məhkəmələrin idarə olunması baxımından çoxdur. Beynəlxalq tövsiyəyə əsasən, hər məhkəmədə bununla bağlı ayrıca ştat ayrılmalıdır. Həmin şəxs də mətbuatla öz işini qurmalıdır. Ümid edək ki, Azərbaycanda da yaxın zamanlarda birinci insatansiya məhkəmələrində həmin ştat təsis olunacaq. Apellyasiya və yuxarı instansiya məhkəməsində ştat olsa da, birinci istansiya məhkəmələrində bu yoxdur. Amma bu ştat olmalıdır.