"Vəkillik məktəbi" - ixtisas imtahalarına hazırlıq kursları təşkil olunur

Vəkillər Kollegiyası Rəyasət Heyətinin təşəbbüsü ilə Bakı şəhəri 20 saylı Vəkil Bürosu tərəfindən vəkil statusu əldə etmək istəyənlər üçün "Vəkillik məktəbi" - ixtisas imtahalarına hazırlıq kursları təşkil edilib.

E-huquq.az xəbər verir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə vəkil olmaq istəyənlər üçün ixtisas imtahanlarının qaydası müəyyən edilib.

Bu qaydalara əsasən vəkil statusu əldə etmək istəyənlər birinci mərhələdə kompüter vasitəsilə 100 sualdan ibarət yazılı test imtahanı verməlidirlər. 

Bu imtahandan uğurla keçən namizədlər hər namizədə 5 sualın verildiyi şifahi müsahibə mərhələsinə buraxılırlar.

Qeyd olunmalıdır ki, tədris kurslarına 1 iyun 2019-cu il tarixdən başlanılması nəzərdə tutulmuşdur. Dərslər həftənin iş günləri axşam saatlarında, həftənin şənbə günləri isə gündüz saatlarında keçiriləcəkdir.

"Vəkillik məktəbi" kursları aylıq 16 akademik dərs saatı və kompüter vasitəsilə sınaq imtahalarını əhatə edir. Bu isə dinləyicilərə kompüter test prosesini əvvəlcədən mənimsəmək və hazırlıq səviyyəsini adekvat qiymətləndirmək imkanı yaradacaqdır.

"Vəkillik məktəbi" kursunun tədris proqramı vəkil statusu almaq istəyənlər üçün son dəyişikliklərə uyğun şəkildə, yazılı test və şifahi müsahibə mərhələlərinin mövzu və sualları hərtərəfli təhlil edilməklə hazırlanmışdır. Məşğələlərdə mühazirəçi qismində bu sahədə kifayət qədər vəkillik və tədris-təlim təcrübəsinə malik, ölkənin qabaqcıl ali tədris müəssisələrinin müəllim kollektivi çıxış edəcəkdir.

Tədris materialları Vəkillər Kollegiyası Rəyasət Heyətinin təsdiq etdiyi yazılı test və şifahi müsahibə mərhələlərinin mövzu və sualları üzrə qruplaşdırılacaqdır. Tədris olunacaq mövzular imtahan sualları çərçivəsində maddi və prosessual hüququn incəliklərini mənimsəməyə, həmçinin qanunvericiliyin əsasları ilə hərtərəfli tanış olmağa imkan verəcək qədər geniş əhatə olunacaqdır.

Tədris olunacaq əsas mövzu blokları: 1. Mülki hüquq; 2. Mənzil, vərəsəlik, əmək və ailə hüququ; 3. Mülki proses; 4. İnzibati proses; 5. Cinayət hüququ və cinayət prosesi; 6. Konstitusiya hüququ, beynəlxalq hüquq;

Kursu bitirən şəxslərə ixtisas artımı barədə sertifikat veriləcəkdir. Dərslər Bakı şəhəri, Məmməd Araz 105A ünvanda keçiriləcəkdir.

Dərslər aşağıdakı mühazirəçi-müəllimlər tərəfindən keçiriləcəkdir:

Cinayət hüququ, cinayət prosesi, inzibati hüquq - Qədirov Asif Xanoğlan oğlu - hüquq üzrə fəlsəfə doktoru, vəkil, Bakı Dövlət Universitetinin dosenti. Mülki hüquq, mülki proses - Yolçiyev Mübariz Xalid oğlu - hüquq üzrə fəlsəfə doktoru, vəkil, Bakı Dövlət Universitetinin müəllimi Konstitusiya hüququ, beynəlxalq hüquq - Yusufov Şiraslan Teymur oğlu, Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasının baş müəllimi

Kurslarda iştirak etmək üçün 012-561-00-13, 070-746-33-49 telefon nömrələrinə və ya vekillikmektebi@gmail.com elektron poçt ünvanına müraciət edə bilərsiniz.