"Azərbaycanda Məhkəmə-Hüquq İslahatları: AmCham ilə ictimai müzakirələr" adlı konfrans keçirilib

Azərbaycan Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanından irəli gələn məsələlərin ictimai müzakirəsi məqsədi ilə Bakıda "Azərbaycanda Məhkəmə-Hüquq İslahatları: AmCham ilə ictimai müzakirələr" adlı konfrans keçirilib.

E-huquq.az xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının və Ədliyyə Nazirliyinin əməkdaşları, müxtəlif biznes sahələrindən 150-dən çox təmsilçi və diplomatik korpusun nümayəndələri iştirak edib.

Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov ölkədə aparılan məhkəmə-hüquq islahatları barədə ətraflı məlumat verib, dövlət və biznes arasında daha sıx dialoq yaradılmasının, islahatların bütün mərhələlərində biznesin dövlətin yanında olmasının əhəmiyyətindən bəhs edib: "Aparılan məhkəmə-hüquq islahatları yerli və xarici iş adamlarının investisiyalarının, biznes mənafelərinin qorunmasına, biznesin inkişafına Azərbaycan dövlətinin daimi diqqətinin bariz nümunəsidir. Dövlət-biznes əlaqələri daha da inkişaf edəcək, məhkəmə-hüquq islahatları uğurla həyata keçiriləcək".

AmCham-ın Direktorlar Şurasının üzvü İlqar Mehti, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin sektor müdiri Vüsal İsayev, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Azər Cəfərov, “AtaHoldinq”in Hüquq departamentinin direktoru Qorxmaz Ağayev və “Dentons Bakı” hüquq firmasının idarəedici ortağı Ceyms Hoqan çıxış edərək, islahatların əsas istiqamətləri, ədalət mühakiməsi mexanizmlərinin effektivliyinin artırılması, AmCham-ın islahatlardan gözləntiləri və islahatlar barədə təklifləri, məhkəmələrə müraciət, ixtisaslaşmış məhkəmənin yaradılması, icra sisteminin təkmilləşdirilməsi, habelə mediasiya və beynəlxalq arbitraj məhkəmələrinin təşviqi kimi mühüm məsələlər barədə danışıblar.