"Azərbaycan Vəkili" Jurnalının 17-ci sayı çıxıb

Bu günlərdə “Azərbaycan Vəkili” jurnalının 17-ci sayı işıq üzü görüb. 

E-huquq.az xəbər verir ki, nəşrin bu sayında oxucular maraqlı müəllif yazıları ilə tanış ediləcəklər ki, bura Vəkillərin İntizam Komissiyasının sədri Şahmar Məmmədovun Almaniyada vəkillərin intizam məsuliyyəti, vəkil Günay Cəfərlinin kriptovalyuta ilə aparılan əməliyyatlar zamanı vergi cinayətləri ilə mübarizənin aktual problemləri, vəkil Hüseyn Əsgərovun hüquqi yardım hüququnun formalaşması və inkişaf tarixi və s. bu kimi məsələlərə həsr olunmuş yazıları daxildir.   Eyni zamanda qeyd olunmalıdır ki, jurnalın bu sayında yerli və beynəlxalq hüquq xəbərləri mövzusuna, o cümlədən hüquqi maarifləndirmə üzrə açıqcalara xüsusi yer verilərək oxuculara faydalı məlumatlar təqdim edilmişdir. Məlumat üçün bildirək ki, “Azərbaycan Vəkili” jurnalına istənilən hüquqşünas hüququn aktual məsələlərinə həsr olunmuş yazılar, məqalələr verməyə dəvət olunurlar. Bunun üçün məqalə göndərmək istəyən şəxslər office@barassociation.az ünvanına öz yazılarını göndərə bilərlər. Yazılar tarix baxımından daxil olma ardıcıllığına görə jurnalda işıq üzü görəcəkdir. Qeyd olunmalıdır ki, Jurnal Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşkilatçılığı və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin "Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşma" regional proqramının maliyyə dəstəyi ilə işıq üzü görmüş, Vəkillər Kollegiyasının üzvləri, həmçinin digər hüquqşünaslar arasında pulsuz paylanılmaq üçün nəzərdə tutulmuşdur.    Qeyd: Jurnalın bu və əvvəlki sayları ilə Vəkillər Kollegiyasının veb-səhifəsindəki elektron bazada bu linkə daxil olaraq tanış ola bilərsiniz.