Mirzayev&Partners
    16 İyul
    Baku
    23°

Qisas məqsədilə adam öldürmək istəyən şəxsə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Elnur Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə ötən il noyabrın 9-dan 10-na keçən gecə Bakı şəhəri, Nəsimi rayonu ərazisində baş verib. Mərdanov qardaşları küçəsində yerləşən və məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yaşayan E.Əliyev binanın girişində tanışı Namiq Nəcəfova ov tüfəngindən atəş açıb.

Ağır yaralanan N.Cəfərov xəstəxanaya çatdırılıb, onun həyatını xilas etmək mümkün olub. E.Əliyev cinayəti törətdikdən sonra qaçaraq gizlənib. Lakin post-patrul xidmətinin əməkdaşları onu saxlayıblar. İttihama görə, E.Əliyev N.Cəfərovu aralarında olan şəxsi-qərəzli münasibətlərlə əlaqədar qisas məqsədilə öldürmək istəyib.

Ona Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adamöldürməyə cəhd), 228.1-ci (qanunsuz odlu silah saxlama), 229.1-ci (qanunsuz olaraq silah hazırla) maddələri ilə ittiham verilib.