Mirzayev&Partners
    20 İyul
    Baku
    23°

Qayınatasını döyən dünya çempionuna hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kikboks üzrə 5 qat dünya çempionu Ehram Məcidovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. 

E-huquq.az-ın xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm öxunub. 

Məhkəmənin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında E.Məcidovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. 

Qeyd edək ki, E.Məcidov "Neftçi” İSM-də kikboks bölməsinin baş məşqçisi olub. O, qayınatası Bəhruz Dilbazini döyməkdə ittiham edilir.

E.Məcidovun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Məlumata görə, E.Məcidov 2016-cı ildə həyat yoldaşı Müqəddə Dilbazi ilə boşanıb. Cütlüyün nikahından bir övladı olub. Uşaq ananın himayəsinə verilib. 2017-ci ildə isə M.Dilbazi məhkəməyə müraciət edərək uşağın xarici ölkəyə aparılmasına icazə verilməsini istəyib. Bununla bağlı E.Məcidovla arvadı arasında uzun sürən məhkəmə çəkişmələri də olub.

Son dövrdə isə E.Məcidov övladı ilə ünsiyyət qurmasına keçmiş həyat yoldaşı və onun valideynləri tərəfindən maneələr yaradıldığını bildirib. İdmançının bununla bağlı müraciətini Binəqədi rayon İcra şöbəsi araşdırıb. Hadisə də şöbənin inzibati binasında baş verib. İcra məmuru Vüqar Alıyevin otağında görüşən tərəflər atanın uşaqla görüşməsi ilə bağlı mübahisə ediblər.

İddiaya görə, E.Məcidovun keçmiş qayınatası B.Dilbazi məmurun otağında onu söyüb və kikboksçu qarşı tərəfə bir yumruq zərbəsi vurub.