Mirzayev&Partners
    16 İyul
    Baku
    23°

Qanunsuz yollarla 45 milyon manat kredit götürməkdə təqsirləndirilən şəxslərin cinayət işi geri qaytarılıb

Ali Məhkəmədə mənimsəmədə təqsirləndirilən Rauf Kərimov və Cavidan Hacıyevin barələrində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qərar qismən ləğv edilib. Ali Məhkəmə işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, Baş Prokurorluğun 2014-cü ildə yaydığı məlumata görə, "Bank Technique” ASC-dən ("Texnikabank") daxil olmuş material üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

İstintaq zamanı “İnteralyans” MMC-nin təsisçisi C.Hacıyevin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə “Trans-Alyans”, “Qarant-Ko” MMC və digər şirkətlər yaratmaqla onların adına “Bank Technique” ASC-dən müxtəlif vaxtlarda hissə-hissə cəmi 18 milyon 715 min 552 manat məbləğində kredit rəsmiləşdirməklə götürüb mənimsəməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İstintaqla müəyyən edilib ki, R.Kərimov özgənin külli miqdarda əmlakını ələ keçirib, dələduzluq edib. Belə ki, o, 2007-ci ildə “Meridian Company” MMC-nin direktoru işləyərkən tanışı Azər Əmiraslanovu birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olacaqlarına inandırıb. Sonuncunun ona olan inamından istifadə edərək onun 1 milyon dollar pulunu alıb və özünün şəxsi ehtiyaclarına sərf edib.

Təqsirləndirilən şəxslər qanunsuz yolla ümumilikdə 45 milyon manata yaxın kredit götürüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Kərimov 14 il və C.Hacıyev isə 10 il müddətinə azadlıqdan məhrum edilib. Hər iki şəxsin mülkləri müsadirə olunmaqla, zərərçəkmiş tərəfə ödənilməsi haqqında qərar verilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi R.Kərimovun 14 il müddətinə azadlıqdan məhrumetmə cəzası 13 il 6 aya və C.Hacıyevin 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası 9 il 6 aya endirilib.