Mirzayev&Partners
    20 İyul
    Baku
    23°

Prokurorluq bəraət alan bağça müdirinin hökmündən protest verib

Bakı Apellyasiya Məhkəməsində səhlənkarlıqda təqsirləndirilən “Kids studio” uşaq bağçasının müdiri Nigar Müseyibovanın barəsində olan hökmdən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başlayıb.

E-huquq.az-ın məlumatına görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, apellyasiya protestinin dəlilləri araşdırılıb.

Məhkəmənin növbəti iclası iyunun 24-nə təyin edilib.

Qeyd edək ki, ötən il iyununun əvvəllərində Yasamal rayonunda yerləşən “Kids Studio" Uşaq Mərkəzinin bağçasında tərbiyəçi Firuzə Tağıyeva uşaqlara qarşı zorakılıq törədib. 

Bu barədə video görüntülər sosial şəbəkədə yayılandan sonra F.Tağıyeva barəsində cinayət işi başlanılıb. Yasamal Rayon Məhkəməsinin hökmü ilə F.Tağıyevanın barəsində CM-nin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 1 il sınaq müddəti təyin olunmaqla barəsində şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Daha sonra valideyinlərin şikayəti əsasında N.Müseyibova barəsində də cinayət işi başlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin (CM) 314.1-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Cinayət işi üzrə 3 nəfər şəxs zərərçəkmiş qismində tanınır.

Yasamal Rayon Məhkəməsinin hökmü ilə uşaq bağçasının müdirinə bəraət verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.