Prezident İlham Əliyev Çexiya Parlamenti Deputatlar Palatasının sədrini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Radek Vondraçekin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

E-huquq.az xəbər verir ki, dövlət başçısı Azərbaycan Respublikası ilə Çex Respublikası arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini, siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu qeyd edib.

Çex Respublikası Prezidentin Azərbaycana səfərini xatırlayan Prezident İlham Əliyev parlamentlərarası əlaqələrin genişlənməsinin də münasibətlərin inkişafına töhfə verdiyini deyib. Dövlət başçısı iqtisadi əməkdaşlığın yaxşı perspektivlərə malik olduğunu bildirərək Çex Respublikası Hökuməti üzvlərinin də Azərbaycana uğurlu səfər etdiklərini deyib və iqtisadi, ticarət, investisiya sahələrində əlaqələrin genişləndirilməsinin zəruriliyini bildirib. Prezident İlham Əliyev Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Radek Vondraçekin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin səmərəli keçəcəyinə və əlaqələrimizin möhkəmlənməsi işinə xidmət edəcəyinə əminliyi ifadə edib.

Çexiya Parlamentinin Deputatlar Palatasının sədri Radek Vondraçek Çex Respublikasının Prezidenti Miloş Zemanın salamlarını dövlət başçısına çatdırıb. Geniş nümayəndə heyəti ilə Azərbaycana səfər etdiklərini deyən Radek Vondraçek Çex Respublikası Parlamentində müxtəlif partiyaları təmsil edən Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun fəaliyyət göstərdiyini diqqətə çatdırıb. O bildirib ki, Çex Parlament nümayəndə heyətinin Azərbaycana səfərinin əsas məqsədi iki ölkə arasında mövcud olan çox yaxşı münasibətlərin daha da inkişaf etdirilməsi işinə töhfə verməkdir. Radek Vondraçek Azərbaycanda müxtəlif sahələrdə aparılan köklü islahatların təqdir edildiyini, Çexiya investorları tərəfindən Azərbaycana böyük maraq göstərildiyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan Respublikası ilə Çex Respublikası arasında münasibətlərin həm ikitərəfli, həm də Avropa İttifaqıçərçivəsində uğurla inkişaf etdiyi vurğulanıb və eyni zamanda, hökumətlərarası birgə komissiyanın işinin fəallaşdırılmasının vacibliyi qeyd olunub.

Dövlət başçısı Çex Respublikasının Prezidenti Miloş Zemanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Çexiya Prezidentinə çatdırmağı xahiş edib.

***11:36

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Radek Vondraçekin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.