Prezident İlham Əliyev Fuad Ələsgərovu “Şöhrət” ordeni ilə təltif edib

Azərbaycan Respublikasının Prezidenti İİlham Əliyev Fuad Murtuz oğlu Ələsgərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

E-huquq.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. 

Sərəncamda qeyd olunub ki, Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Fuad Murtuz oğlu Ələsgərov “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, mayın 14-də F.Ələsgərovun 60 yaşı tamam olur.

Azərbaycan Respublikası Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri, 1-ci dərəcəli dövlət müşaviridir.

Fuad Ələsgərov 1959-cu il mayın 14-də Bakı şəhərində anadan olub. 1981-ci ildə Azərbaycan Dövlət Universitetininin hüquq fakültəsini bitirib.

1981-1984-cü illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat və VVAQ İdarəsində məsləhətçi, 1984-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə orqanları idarəsində məsləhətçi, 1984-1987-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Nəzarət və icranın yoxlanılması idarəsində baş məsləhətçi, 1987-1990-cı illərdə Bakı şəhəri Suraxanı Rayon Xalq Məhkəməsində Xalq hakimi, 1990-1994-cü illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü, 1994-1998-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Dövlət-hüquq şöbəsinin müdiri vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 25 aprel 1998-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Prezidentin 2004-cü il 21 aprel tarixli Sərəncamı ilə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvü təyin olunub. Prezidentin 2005-ci il 14 fevral tarixli Sərəncamı ilə Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilib.

Prezident yanında Əfv Məsələləri Komissiyası və Prezident yanında Vətəndaşlıq Məsələləri Komissiyasının üzvüdür.

Prezidentin 31 may 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri təyin edilib.

Azərbaycan Respublikasında qanunvericiliyin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 2010-cü il 22 iyun tarixli Sərəncamı ilə “Əməkdar Hüquqşünas” fəxri adı verilib.

1996-2005-ci illərdə Milli Məclisin sədri olmuş Murtuz Ələsgərovun oğludur.