Mirzayev&Partners
    18 İyul
    Baku
    23°

Polis Bakıda bankomatların yararsız hala düşməsi faktını araşdırır

Bakıda iki bankomat yararsız vəziyyətə düşüb.

E-huquq.az-ın məlumatına görə, Binəqədi rayon Biləcəri qəsəbəsində yerləşən, "Beynəlxalq Bank"a və "Kapital Bank"a məxsus bankomatların yanaraq yararsız hala düşdüyü ehtimal olunur.

"Azərbaycan Beynəlxalq Bank"ın mətbuat xidməti rəhbəri Yadigar Cəfərov bildirib ki, banka bu barədə məlumat daxil olan kimi müştərilərin bankomat xidmətlərindən istifadəsi ilə bağlı çətinliklər yaranmaması üçün qısa müddət ərzində həmin ərazinin yaxınlığında yeni bankomat quraşdırılıb.

O, həmçinin, qeyd edib ki, hazırda müvafiq qurumlar hadisənin səbəblərini araşdırır. 

“Kapital Bank”ın mətbuat xidmətindən də deyilib ki, faktla bağlı hüquq-mühafizə orqanlarına rəsmi müraciət olunub: “Hazırda araşdırma aparıldığı üçün bankomatı hələlik yenisi ilə əvəz edə bilmirik. Yaxın günlərdə araşdırma yekunlaşandan sonra ərazidə yeni bankomat müştərilərin xidmətində olacaq”.

Hər iki bankdan bankomatlardan oğurluq edilmədiyi də bildirilib. 

Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Şöbəsindən isə deyiblər ki, hazırda faktla bağlı araşdırma aparılır. 

Mənbə: APA