Mirzayev&Partners
    19 İyul
    Baku
    23°

Penitensiar Xidmətdə ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə müxtəlif tədbirlər keçirilib

Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Ceyhun Həsənov və Xidmətin məsul əməkdaşları Ulu Öndərin Fəxri xiyabanda məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri düzüb və əbədi ehtiramlarını bildiriblər. 

Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən e-huquq.az-a verilən xəbərə görə, ziyarətdən sonra ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Bakı şəhəri Binə qəsəbəsində yerləşən cəzaçəkmə müəssisələrinin qarşısında və ətraf ərazilərdə genişmiqyaslı abadlıq işləri təşkil olunub. 

Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Ceyhun Həsənov və Xidmətin məsul əməkdaşlarının iştirak etdikləri kütləvi iməcilik çərçivəsində ərazi abadlaşdırılmış və 1500-dən çox müxtəlif növ ağaclar əkilib. 

Sonra Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən qadın məhkumlara mənəvi dəstək verilməsi və onların cəmiyyətə inteqrasiyasına yardım göstərilməsi məqsədilə xeyriyyə tədbiri keçirilib. Təşkil edilmiş tədbirdə Konstitusiya Araşdırmalar Fondunun nümayəndələri, Ədliyyə Nazirliyinin və Penitensiar xidmətin məsul əməkdaşları iştirak ediblər. Tədbirdə Respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə qadın məhkumlar üçün bayram konserti təşkil olunub. Sonda qadın məhkumlara bayram sovqatları təqdim edilib. 

Daha sonra Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Tərbiyə müəssisəsində saxlanılan yeniyetmə məhkumların valideynləri və qohumları üçün “Açıq qapı” günü təşkil edilib.