Mirzayev&Partners
    18 İyul
    Baku
    23°

Palata tərəfindən cərimələnən şirkətin işi birinci instansiya məhkəməsinə göndərilib

Bakı Apellyasiya Məhkəməsində Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən cərimələnən “Mingəçevir Tekstil” MMC barəsində olan məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb. 

E-huquq.az-ın xəbərinə görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilib.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası “Mingəçevir Tekstil” MMC-ni cərimələyib. Yasamal Rayon Məhkəməsinin qərarına əsasən, “Mingəçevir Tekstil” İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü maddəsi ilə təqsirli bilinib. Belə ki, İXM-in 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. "Mingəçevir Tekstil" inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 3827, 70 ABŞ dollarının 30%-i, yəni 1148,31 ABŞ dolları (təxminən, 1952 manat) cərimə edilib. Daha sonra MMC qərardan apellyasiya şikayəti verib. Xatırladaq ki, "Mingəçevir Tekstil" MMC 25 may 2017-cü il tarixində Mingəçevir Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb və iplik istehsal edən müəssisədir.