Mirzayev&Partners
    19 İyul
    Baku
    23°

Ötən il qanunları pozan işəgötürənlər barədə 527.000 manat həcmində inzibati cərimə tətbiq edilib

"Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən hesabat ilində tikinti obyektlərində əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı 104 monitorinq həyata keçirilib və bunlardan 79 monitorinqdə pozuntu halı aşkar edilib".

E-huquq.az xəbər verir ki, bu, Dövlət Agentliyinin 2018-ci il üzrə hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki, monitorinqlər zamanı 3.990 nəfər yoxlanılmış və bu işçilərdən 946 nəfərin əmək və ya xidməti (mülki) müqavilə olmadan çalışdığı aşkar edilib. Monitorinq olunmuş işəgötürənlər üzrə qeyri-rəsmi məşğulluq səviyyəsi 23,7% olub. Müqavilə ilə çalışan 3.044 işçidən 180 nəfərin işəgötürənlə əmək münasibətinin xidməti (mülki) müqavilə əsasında rəsmiləşdirildiyi aşkar edilib. Yoxlanılmış işçilərin 231 hüquqi və fiziki şəxsi təmsil etdiyi müəyyən edilib.

Eyni zamanda, Dövlət Agentliyi tərəfindən son bir il ərzində həyata keçirilən nəzarət tədbirləri nəticəsində Bakı şəhərinin tikinti sektorunda monitorinqlərdən sonra çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan işçilərin təqribi olaraq 45%-i rəsmi qeydiyyat olmadan çalışırdısa, hazırda bu göstərici 9%-ə qədər azalıb. Keçirilmiş monitorinqlər zamanı əmək və ya xidməti müqavilə olmadan 10 nəfərdən az şəxsi işə cəlb etmə ilə bağlı 84 işəgötürən üzrə pozuntu halı qeydə alınıb və bu faktlar aktlaşdırılaraq baxılması üçün Dövlət Agentliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib. Ümumilikdə, 69-u hüquqi, 15-i isə fiziki şəxs olmaqla 84 işəgötürəndən 35 işəgötürən barədə inzibati xəta faktı təsdiq edilib. Bu faktlar üzrə 527.000 manat həcmində inzibati cərimə tətbiq edilib.

Hesabatda bildirilib ki, Əmək və ya xidməti müqavilə olmadan 10 nəfər və daha çox şəxsi işə cəlb etmə ilə bağlı 33 işəgötürən üzrə pozuntu halı qeydə alınıb və bu faktlar aktlaşdırılaraq baxılması üçün Dövlət Agentliyi tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Ümumilikdə, 31-i hüquqi, 2-si isə fiziki şəxs olmaqla 33 işəgötürəndən 6 işəgötürən barədə cinayət işinin başlanılmasına dair qərar qəbul edilib. Baş Prokurorluğa göndərilmiş digər 27 işəgötürən üzrə aşkar edilmiş əməldə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müddəalarına görə cinayət məsuliyyətindən azad etmə üçün əsasların olması ilə əlaqədar cinayət işinin başlanılması rədd edilib.

Eyni zamanda, bu işəgötürənlər üzrə dövlət büdcəsinə ödənilməkdən yayındırılmış sosial sığorta haqqları büdcəyə ödənilib. Büdcə ödənişlərinin bərpası ilə yanaşı vergi sanksiyalarının tətbiqi məqsədilə qeyd edilmiş 27 işəgötürən üzrə materiallar Vergilər Nazirliyinə göndərilib. Vergilər Nazirliyi tərəfindən 468.000 manat həcmində vergi sanksiyası tətbiq edilib. Qeydə alınmış pozuntu halları üzrə ümumilikdə 1.007.000 manat məbləğində cərimə və sanskiya tətbiq edilib.