Nəriman Əliyev: “Gənclik ictimai-siyasi həyatın mərkəzində əsas fiqura çevrilməkdədir”   

Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib. 

E-huquq.az-ın məlumatına görə, tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Milli Məclisin deputatı Nəriman Əliyev, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, rayon təşkilatının gənc üzvləri iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər-gül dəstələri düzüblər. Masallı şəhər Heydər Əliyev Mərkəzində keçirilən konfrans Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Gənclər Birliyinin konfranslar arası müddətdə fəaliyyətini əks etdirən videoçarxın nümayiş ilə başlayıb.

Konfransda çıxış edən deputat Nəriman Əliyev ölkədə gənclərin inkişafı üçün görülən bütün işlərin Azərbaycan dövlətinin mənafeyinə və maraqlarına xidmət etdiyini söyləyib. “Azərbaycanda gənclərin bütün istiqamətlərdə fəaliyyət göstərmələri üçün geniş imkanlar yaradılıb. Bu gün gənclərimiz dövlətdə və cəmiyyətdə öz yerini müəyyən ediblər. Artıq gənclər proseslərin ardınca deyil, önündə getməyə başlayıblar. Gəncliyə qoyulan kapital öz səmərəsini verir. Getdikcə gənclik ictimai-siyasi həyatın mərkəzində əsas fiqura çevrilməkdədir. YAP Gənclər Birliyi isə Azərbaycan cəmiyyətində fəaliyyət göstərən ən öncül, ən aparıcı hissədir”, - deyə Milli Məclisin deputatı vurğulayıb.