Mirzayev&Partners
    20 İyul
    Baku
    23°

İntihar edən Elinanın qəbri üzərində zorakılıq edilib, cinayət işi başlanıb

Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı istintaq təbdirləri davam etdirilir. 

E-huquq.az xəbər verir ki, bu barədə vəkil Emin İsayev məlumat yayıb. O qeyd edib ki, E. Hacıyevanın işi üzrə komission ekspertiza yekunlaşıb və Bakı Şəhər Prokurorluğuna göndərilib. 

Vəkil onu da deyib ki, E. Hacıyevanın qəbrinin üzərində təhqiredici hərəkətlərin edilməsi ilə bağlı cinayət işi başlanıb: “Hazırda iş üzrə Cinayət Məcəlləsinin 245-ci yəni, qəbir üzərində təhqiredici hərəkət maddəsi ilə bağlı cinayət işi başlanıb. Polis tərəfindən araşdırma aparılır. İctimaiyyətə əlavə məlumat veriləcək". 

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə Bakı şəhər prokurorluğunda başlanmış cinayət işi üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. İstintaq qrupu tərəfindən cinayət işi üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mütəxəssisləri cəlb edilməklə intensiv istintaq tədbirləri həyata keçirilir. Belə ki, iş üzrə çoxsaylı şahidlər, o cümlədən Elina Hacıyevanın təhsil aldığı məktəbin vəzifəli şəxsləri, müəllimləri və sinif yoldaşları dindirilib, videomüşahidə kameralarına, mobil telefonlara, sənədlərə baxış keçirilib, mobil telefonlarla aparılan danışıqlara, yazışmalara dair məlumatlar əldə edilməklə təhlil olunub. Cinayət işi üzrə yüksək ixtisaslı, böyük elmi və iş təcrübəsi olan peşəkar ekspertlər cəlb edilməklə komisyon məhkəmə-tibbi, məhkəmə-xətşünaslıq, məhkəmə kompüter-texniki, məhkəmə-psixoloji, məhkəmə-fonoskopik ekspertizaları təyin edilmiş, müvafiq sorğular verilib.

E.Hacıyevaya tibbi yardım göstərilməsi məqsədilə təcili tibbi yardım xidmətinə vaxtında müraciət olunması, hadisə yerində və xəstəxanada lazımi tibbi yardımın göstərilməsi, müalicəsinin diaqnoza uyğun aparılması, xəstəxanaya gec çatdırılmasının ölümü ilə səbəbli əlaqəsinin olması və sair əhəmiyyət kəsb edən halların aydınlaşdırılması istiqamətində zəruri prosessual tədbirlər həyata keçirilir. Hazırda cinayət işi üzrə bütün xüsusatlar tam və hərtərəfli araşdırılmaqla toplanmış mötəbər sübutlara əsasən təqsiri müəyyən olunacaq bütün şəxslərin əməllərinə hüquqi qiymət verilməsi təmin olunacaq.