Heydər Əliyevin böyük siyasətə qayıdışı - ŞƏRH 

Azərbaycanın  dövlətçilik tarixində ideyaları, siyasi iradəsi, qətiyyəti,  güclü   dövlətçilik  təcrübəsi, nüfuzu, xalqına, vətəninə  bağlılığı ilə misilsiz xidmətlər göstərmiş  ümummilli  liderimiz  Heydər Əliyevin  siyasi fəaliyyətində 1990-1993- cü illər Naxçıvan dövrü mühüm yer tutur.

Məhz həmin illər  onun böyük siyasətə, hakimyyətə qayıdış dövrü oldu.  Qəlbi daim xalqa bağlı olan, xalqı üçün yaşayan böyük şəxsiyyət Moskvadan Bakıya, opradan da təyyarə ilə doğma Naxçıvana  qayıtdı. Heydər Əliyevi doğulduğu şəhər və qədim məhəllə  yenidən qoynuna aldı, bacısı evində yaşamağa başladı. Bu kiçik məhəlləyə, evə gələnlərin ardı-arası kəsilmirdi. Bu torpağın əziz, doğma övladı kimi vətəninə  qayıtmış Heydər Əliyev ilə görüşə gələnlər ona dərin ehtiramlarını bildirir, böyük məhəbbət və həsrətlə  bağrına basır, qucaqlayıb öpür, hətta kövrəlib ağlayırdılar.  Həmin dövrün, o günlərin və görüşlərin iştirakçısı  kimi bütün hadisələr xatirəmdədir. Heydər Əliyevin qəbuluna gələnlər ilə keçirdiyi görüşlərə, Ali Məclisin iclas və sessiyalarında etdiyi tarixi çıxış və nitqlərinə aid əməkdaşı olduğum  ”Şərq qapısı” qəzetinin səhifələrində çoxlu sayda məqalə, reportaj və müsahibələrim dərc edilmişdir. 

22 iyul 1990-cı il. Axşamüstü Naxçıvan şəhərinin mərkəzi hissəsi, 80 min nəfərdən çox adamın toplaşdığı  Azadlıq meydanı  izdihama qərq olmuşdu. Muxtar Respublikanın hər yerindən  Heydər Əliyevi görməyə, qarşılamağa  axışıb gələnlər meydana  toplaşmışdı. Bu izdiham  xalq ilə rəhbərin görüşünün, birliyinin  bariz nümunəsi idi. Naxçıvan öz tarixi  ərzində belə böyük izdihama bürünməmişdi. Qədim şəhər hələ heç vaxt belə bir büsat və təntənə ilə öz oğlunu  qarşılamamışdı. İnsan kütləsinin arası ilə Heydər Əliyevin meydanın mərkəzindəki kürsüyə gəlib çıxması üçün polislər  yol açırdılar. Nəhayət, Heydər Əliyev kürsüyə yaxınlaşdı. Hərarətli  alqışlar, əzəmətli şüarlar səsləndi,  gur səslər  ətrafı bürüdü. Böyük şəxsiyyət xəstə vəziyyətdə olduğu üçün isti, bürkülü  havada çox danışa bilmədi. Sevinc dolu alqışlar altında  etdiyi qısa çıxışı ilə xalqına sönsuz məhəbbətini ifadə etdi, bu ağır günlərdə  dünyalar qədər sevdiyi xalqının yanında, xalqının dərdinə şərik olmağa gəldiyini bildirdi. Əsas bir fikrini həmyerlilərinə çatdırdı ki,  Azərbaycanın  başı üzərini qara buludlar alıb...  Həmin gün Heydər Əliyevin ayağının altında onlarca qurban kəsildi. Ağır müharibə, iqtisadi böhran şəraitində yaşayan naxçıvanlılıar bu böyük şəxsiyyətə özlərinin nicatı və son ümidi kimi baxır, onu sevinclə, mehribanlıqla və  hərarətlə qarşılayırdılar. Böyük şəxsiyyət yenidən uşaqlığını, gəncliyini keçirdiyi zamanlara qayıdırdı, unudulmaz, kövrək xatirələr yada düşürdü, həmyerlilərinin  mehriban, isti münasibəti, xoş sözləri onun qəlbini ehtizaza gətirirdi. Bu görüş barədə Hedər Əliyev deyirdi: “Mən Naxçıvana gələndə Naxçıvan ayağa qalxdı, Naxçıvan  məni qucaqladı, bağrına basdı. Son illərdə çəkdiyim bütün əzab-əziyyəti unutdum”.  Bu ümumxalq məhəbbətini Heydər Əliyev özü qazanmışdı. Respublikaya 14 il rəhbərlik etdiyi dövrdə xalqın sevimlisinə çevrilmişdi. Moskvadan qayıdıb ana yurduna gələndə onun heç bir vəzifəsi olmasa da, xalq onu böyük bir şəxsiyyət kimi qiymətləndirir, doğma bir övladı kimi sevirdi...

O zaman Naxçıvan  ağır günlər keçirirdi. Muxtar Respublika Qarabağ problemi ətrafında baş verən hadisələrin zərbəsinə məruz qalmışdı. Vəziyyət olduqca gərgin, ziddiyyətli şəkil almışdı. Sərhədyanı kəndlər ermənilər tərəfindən işğal və qarət olunurdu. Naxçıvan iqtisadi və siyasi böhran məngənəsinə salınmışdı. Azərbaycanla nəqliyyat-kommunikasiya əlaqələri kəsilmişdi. Belə bir dövrdə təxribatlar baş alıb gedirdi, adamların son ümidi olan ov tüfəngləri də yığılandan sonra xalq  erməni təcavüzü qarşısında əliyalın və köməksiz vəziyyətdə qoyulmuşdu. Məhz belə bir ağır  dövrdə  tale  Heydər Əliyevi bu regiona  gətirməklə Naxçıvanı, Dağlıq Qarabağı və Azərbaycanın digər rayonlarını gözləyən acı qismətdən  qoruya bildi.  30 sentyabr 1990-cı ildə Azərbaycan SSR və yerli xalq deputatları sovetlərinə  seçkilər keçirildi. Xalq öz  sevimli, cəsur, ləyaqətli və əvəzedilməz oğluna  yüksək etimadını göstərdi. Fərdi pensiyaçı Heydər Əliyev Babək rayonunun 340 nömrəli  Nehrəm seçki dairəsindən Azərbaycan SSR  xalq deputatı  və Naxçıvan şəhərinin  2 nömrəli  M.F. Axundov adına seçki dairəsindən isə Naxçıvan MSSR xalq deputatı seçildi. 1990-cı il noyabrın 17-də  xalq deputatı Heydər Əiiyevin sədrliyi ilə  Naxçvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası oldu. Sessiya Naxçıvan  Muxtar Sovet  Sosialist   Respublikasının adını dəyişdirərək, ”Sovet Sosialist” sözlərini  çaxararaq  Naxçıvan Muxtar Respublikası adlandırılması, Naxçıvan MSSR Ali Sovetinin adını dəyişərək Naxçıvan MR Ali Məclisi adlandırılması, ilk Azərbaycan Respublikasının rəmzi olan  üçrəngli Dövlət bayrağının bərpa edilməsi, onun Naxçıvan MR dövlət bayrağı kimi qəbul edilməsi haqqında yekdilliklə qərar qəbul etdi. Naxçıvan MR Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında həmin bayrağın bütövlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsadət qaldırdı.Beləliklə, Azərbaycanın üçrəngli bayrağı ilk dəfə Naxçıvanda qaldırıldı, müstəqilliyə gedən yola işıq saçıldı.

Ölkədə çox ağır və gərgin vəziyyət yarandığı, hadisələrin düzgün qiymətləndirilməməsi, ayrı-ayrı siyasi qruplaşmaların hakimiyyət davası, siyasi proseslərin getdikcə xalq üçün təhlükəli xarakter aldığı  bir vaxtda, 1991-ci il sentyabrın 3-də Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyası  çox böyük uzaqgörənliklə yekdillik nümunəsi göstərərək Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin sədri seçilməsi məsələsini müzakirəyə çıxardı. Həmin sessiyada Heydər Əliyev 4 dəfə çıxış edərək namizədliyini  irəli sürənlərə dərin minnətdarlığını bildirdi və təkidlə xahiş etdi ki,onun namizədliyini səsə qoymasınlar. Bu zaman sessiya keçirilən  binanın qarşısına  toplaşan yüz min nəfərlik bir izdihamın, xalqın tələbinin qarşısını heç cürə almaq  mümkün deyildi. Bir neçə saatlıq qızğın müzakirə, qətiyyətli çıxış,  təkliflər, deputatların  və əhalinin təkidli tələblərindən  sonra  salonda və bayırda hərarətli, sürəkli  alqış  səsləri  ucaldı. Sessiya yekdillilklə  Heydər Əlirza oğlu  Əliyevi  Naxçıvan MR Ali Məclisinin sədri seçdi. Xalqın bu seçimi  Heydər Əliyevin  böyük siyasətə  Qayıdışı idi. Hakimiyyətə yenidən qayıdışa Heydər Əliyev  Naxçıvandan, doğulduğu   ana torpağından başladı. O zaman dünyada tanınmış  müdrik siyasətçinin bu sözləri və düşüncələri bir daha Heydər Əliyev və xalq birliyinin  sarsılmaz  olduğunu göstərdi. Böyük siyasi xadim və dahi şəxsiyyət xalqın tələbi və iradəsi ilə hakimiyyətə gəlməyə razılıq verdiyini bəyan etdi : “Mən bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim...Mən öz prinsiplərimə sadiq qalaraq  Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin dövründə, üzərimə düşən vəzifənin ifasından geri çəkilə bilməzdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”.  O dövrdə Azərbaycanın bütün şəhər, rayon, kənd və qəsəbələrindən Naxçıvan MR Ali Məclisinə- Heydər Əliyevə on minlərlə adamın imzaladığı teleqramlar, məktublar, müraciətlər  axışıb gəlirdi. Bütün bünlar dünyada tanınan böyük siyasi xadim Heydər Əliyevə xalq məhbbətinin,  xalq inamının böyüklüyünü göstərirdi. Xalq Azərbaycanın bu böyük oğlunun siyasi uzaqgörənliyinə, təcrübəsinə, qabiliyyətinə, biliyinə inanır və  onu qiymətləndirirdi. Xalq inamının, umidinin itdiyi bir vaxtda Heydər Əliyevə güvənc yeri kimi baxırdı.  Bakı Heydər Əliyevi çağırırdı.Xalq tələb edirdi,Ölkənin düçar edildiyi belə ağır məqamda Heydər Əliyev kimi rəhbərə xalqın böyük ehtiyacı  duyulurdu. Dünya şöhrətli ağsaqqaldan, rəhbərdən sonsuz dərəcədə xahiş edirdilər ki, Prezident seçkilərində namizədliyini irəli sürsün. Məktublarda belə bir fikir hasil olunurdu ki, millətimizin  xilası Sizin əlinizdədir..., xalq öz nicatını Heydər Əliyevdə görür... 16 oktyabr  1992-ci ildə  Azərbaycan ziyalılarının böyük bir qrupu Heydər Əliyevə müraciət edərək  ondan yaradılmaqda olan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verməsini xahiş etdilər. 24 oktyabrda mətbuatda Heydər Əliyevin Azərbaycan ziyalılarının müraciətinə cavab olan ”Yeni, Müstəril Azərbaycan uğrunda” sərlövhəli məktubu dərc olundu. 5 noyabr tarixdə Respublika ziyalılarının  YAP  təşkilat komitəsinin yığıncağı keçirildi. Heydər Əliyev yekdilliklə təşkilat komitəsinin sədri seçildi. 21 noyabr 1992-ci ildə isə Naxçvan şəhərində YAP-ın təsis konfransı keçirildi və Heydər Əliyev  açıq səsvermə yolu ilə patiyanın sədri seçildi.  Ölkəmizdə müqstəqil dövlətin yaranması və qurulması ilk illərdən ağrılı və əzablı yollardan keçməli oldu. Uzun illər  xalqımızın həsrətində olduğu  müstəqilliyi  itirmək nigarançılığı  baş qaldırdı. 1993-cü ilin iyun ayında  ölkədə yaranmış vəziyyətə görə xalq parçalanma və məhv olma  təhlükəsi ilə üzləşdi. Gəncədə Surət Hüseynov qoşun qaldıraraq dövlətə qarşı çıxdı. Bir neçə ağsaqqal S.Hüseynovla danışıq aparmaq üçün Gəncəyə getdi. Belə bir təklif olundu ki, Naxçıvan MR Ali Məclisi bu hadisəyə öz münasibətini bildirsin.Bu məqsədlə 7 iyun 1993-cü ildə Naxçıvan MR Ali Məclisi və Nazirlər Kabineti Rəyasət Heyətlərinin  birgə  iclası  oldu. Ali Məclisin sədri  Heydər Əliyevin rəhbərliyi ilə həmin  iclasda çıxış və təkliflərdən sonra Ali Məclisin və  Nazirlər Kabinetinin Rəyasət Heyətlərinin bəyanatı qəbul olundu. İyunun 13-14-də Azərbaycan Respublikası Ali  Soveti Sədrinin müavini, Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyev Gəncə şəhərində oldu. Orada Azərbaycan Respublikası Ali Sovetinin deputatı Surət Hüseynov, şəhər rəhbərləri  ilə  və onunla birlikdə Gəncə şəhərindəki vəziyyətə faktik nəzarət edən şəxslərlə görüşüb söhbət etdi. Söhbətlərdə Gəncədə və ətraf rayonlarda  yaranmış vəziyyət təhlil olundu və kəskin siyasi böhranın aradan qaldırılması  yolları müzakirə  edildi. O zaman Heydər Əliyev hakimiyyətə qayıdışı ilə yaranan vətəndaş müharibəsinin  qarşısını almaqla, Azərbaycanı bölünmək, yox olmaq təhlükəsindən  bir daha qorudu.   İyunun 13-də çağırılan  Azərbaycan Respublikasının Mİlli Məclisinin fövqəladə sessiyası iynun 15-də öz işini davam etdirdi. Gizli  səsvermə yolu ilə Azərbaycan Respublikası Ali Soveti Sədrinin müavini, Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əlirza oğlu Əliyev  Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Heydər Əliyev Milli Məclis üzvləri qarşısında  çıxış edərək ona göstərilən yüksək etimad üçün məclis üzvlərinə, Ali Sovetin deputatlarına və bütün Azərbaycan xalqına öz minnətdarlığını bildirdi və  dedi ki, Azərbaycan Respublikasının bu günkü ağır, mürəkkəb və ziddiyətli vəziyyətini tam məsuliyyətlə  dərk edərək bütün fəaliyyətini respublikanın bu vəziyyətdən çıxarılması  işinə  həsr edəcəkdir.

Ali Sovetin sədri kimi o, Azərbaycan Respublikasının  tarixi  nailiyyəti olan müstəqilliyi  qorumağı, möhkəmləndirməyi,  inkişaf  etdirməyi  özünün ən əsas vəzifələrindən biri hesab edir. Azərbaycan  Respublikasının müstəqilliyi 1918-ci ildə yaranmış ilk demokratik  Azərbaycan Respublikasının ənənələri əsasında müasir tələblərə, dünyada gedən proseslərlə bağlı olaraq  təmin olunmalıdır.    Müstəqillik tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun 1993-cü ildə xalqı məşəqqətlərdən qurtaran Heydər Əliyevin Naxçıvandan  Bakıya dönüşü milli-mənəvi dəyərlərimizə, məfkurəmizə, varlığımıza, tarixi qəhrəmanlığımıza qayıdış  günü oldu. Xalqımız nicat, qurtuluş yolunu, Heydər Əliyevin simasında gördü, onu hakimiyyətə dəvət etməklə bir daha öz müdrikliyini təsdiqlədi. Heydər Əliyevin  qarşısında bir aydın yol göründü.Bu yol Azərbaycanın müstəqillik, suverenlik  yolu idi. Müdrik  şəxsiyyət insanlara yol göstərmək, onları arxasınca aparmaqla kifayətlənmirdi. “Müstəqillik  qədər çətin yol yoxdir....Müstəqilliyin əldə edilməsi nə qədər çətindirsə, onu qoruyub saxlamaq, əbədi etmək ondan da çətindir” kimi fikirləri hər zaman üçün proqram sənədinə çevrildi.  3 oktyabr 1993-cü ildə Azərbaycan Respublikası Prezidenti seçkiləri keçirildi. Heydər Əlirza oğlu Əliyev Azərbaycan Respublikası Prezidenti seçildi.10 oktyabrda Respublika sarayında Azərbaycan Respublikasının Prezdenti Heydər Əliyevin təntənəli andiçmə mərasimi keçirildi. Prezident  Heydər Əliyev bu mərasimdə bir daha vurğuladı: “Müstəqil Azərbaycan Respublikasının qarşısında duran əsas vəzifələrdən biri respublikanın dövlət quruculuğunu təşkil etməkdir. Bizim yolumuz aydındır, bunu dəfələrlə bəyan etmişik.Yolumuz demokratiya yoludur. Müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında  fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət  quruculuğu yolu ilə getməlidir...”  Azərbaycan dövlətini  dağılmaq və parçalanmaq təhlükəsindən xilas edən Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə əsaslı islahatlar yolu ilə uğurlu daxili və xarici siyasət xəttinin həyata keçirilməsi qısa  dövrdə özünü göstərdi. Nizami ordu yaradıldı, ölkəmizə böyük həcmdə sərmayə gəlməyə başladı. Dövlətçıliyin  əsasları qoyuldu, azərbaycançılıq ideologiyası rəsmi ideologiya kimi qəbul edildi.Həmin illərdə  Azərbaycanın strateji inkişaf  istiqamətləri müəyyən edildi. Azərbaycan dünya birliyində özünə layiqli  yer tuta bildi. Heydər Əliyev zəkası və uzaqgörənliyi  erməni mafiyasının, düşmənlərimizin  Azərbaycan haqqındakı uydurmalarını, yalan, böhtan və bütün eybəcərliklərini  alt-üst etdi. Beləliklə, xalqımız öz prezidenti ətrafında biləşdi. Xalqımızın doğru-düzgün seçimi ilə  rəhbərliyə qayıdan Heydər Əliyev qısa zamanda  hakimiyyət böhranının qarşısını almağa, separatçı qüvvələri zərərsizləşdirməyə, milli birliyə və ölkəmizdə  demokratik dövlət quruculuğu prosesinə nail oldu. Dahi şəxsiyyət Azərbaycanın yeni inkişaf modelini yaratdı.  Hər il 15 iyun   ölkəmizdə  Milli Qurtuluş Günü kimi qeyd olunur.Həmin gün  müasir tariximizdə dönüş nöqtədi oldu. Azərbaycan inkişaf, müstəqil siyasət, əsl müstəqillk yoluna qədəm qoydu.O zamandan həmin siyasət  böyük uzaqgörənlik,  müdriklik nümunəsi ilə  uğurla  həyata keçirilir. Heydər Əliyev siyasi kursu möhtərəm Prezidentimiz  cənab İlham  Əliyev  tərəfindən  ləyaqətlə  davam etdirilir.Ölkəmiz müstəqil  və inamlı siyasət aparır, milli maraqların təmin olunmasında böyük addımlar atır, böyük uğurlar qazanır.Xalq ulu öndərimizin uzunmüddətli dövr üçün  müəyyən etdiyi strateji xətti bacarıqla  inkişaf etdirir.2003-cü ildən bu günədək Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır, davam etdirilir və  zənginləşdirilir. Ölkəmizin hərbi qüdrəti güclənir. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi, Naxçıvan MR-də keçirilən əməliyyat nəticəsində böyük torpaq sahəsi  işğalçılardan azad edilmişdir.   Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uzaqgörən, düşünülmüş, zəkalı siyasəti və  rəhbərliyi ilə son 16 ildə  iqtisadi inkişaf nəticəsində iqtisadi məsələlər öz həllini  tapdı. Həm neft, həm də qeyri-neft sektoruna qoyulan vəsait ölkəmizin iqtisadi potensialını daha da  gücləndirdi.Son illərdə bütün istiqamətlər üzrə inkişaf, tərəqqiyə nail olundu. Ölkədə güclü iqtisadi potensial, güclü iqtisadi baza yarandı. Bü gün Azərbaycan  müstəqillik yolunda inamla irəliləyir, ölkəmiz sürətlə inkişaf edir. Xalq bütün sahələrdə qazanılan uğurlar ilə bütün dünyanı heyrətləndirən  Prezident  İlham Əliyevə  inanır, ona ürəkdən minnətdarlığını  bildirir, böyük siyasi fəallığına  dərin məhəbbət bəsləyir. Azərbaycanın sürətli, dinamik inkişafı, dünyada layiqli  yerini  tutması Heydər Əliyevin istəklərinin, arzularının  həyata keçməsi və Ulu öndərin ölməz prinsiplərinə, müqəddəs ideyalarına  Prezidentimiz  İlham Əliyevin  böyük sədaqətini  göstərir.

Afət  Sadıqoğlu Məmmədov, “Xalq qəzeti”nin baş redaktor müavini, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Beynəlxalq Elmlər Akademiyasının (Avstriya) həqiqi üzvü.