Dövlət Gömrük Komitəsinin sədri İtaliya Gömrük Xidmətinin rəhbəri ilə görüşüb

İyunun 12-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev İtaliya Gömrük Xidmətinin rəhbəri Benedetto Mineo ilə görüşüb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən E-huquq.az-a verilən məlumata görə, Görüş Bakı şəhərində, Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfrans və Sərgisi çərçivəsində baş tutub.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev iki ölkə arasındakı sıx əməkdaşlıq münasibətlərindən danışaraq bildirib ki, bütün sahələrdə qurulan əlaqələr dostluq və tərəfdaşlıq zəminində yüksələn xətlə inkişaf etməkdədir. Gömrük sahəsində qurulan səmərəli əməkdaşlıqdan da söz açan Səfər Mehdiyev qeyd edib ki, Azərbaycan Gömrük Xidməti bütün sahələrdə beynəlxalq əməkdaşlığa, o cümlədən təcrübə və məlumat mübadiləsinə xüsusi önəm verir.

İtaliya Gömrük Xidmətinin rəhbəri Benedetto Mineo iki ölkə arasındakı münasibətlərdən, Azərbaycan və onun inkişafından, eləcə də gömrük orqanlarındakı islahatlardan məmnunluqla bəhs edib. Qonaq Azərbaycan gömrüyündə son dövrlərdə həyata keçirilən islahatları və mütərəqqi layihələri yüksək dəyərləndirib, qarşılıqlı təcrübə və məlumat mübadiləsinin gücləndirilməsinin ümumi işə fayda verəcəyinə əminliyini ifadə edib.

Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.