Mirzayev&Partners
    19 İyul
    Baku
    23°

Nazir vəkili döyən polisləri işdən çıxarıb

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində vəkil Orxan Kəngərliyə təzyiq göstərən polislər işdən çıxarılıb. 

E-huquq.az xəbər verir ki, bu barədə vəkil Anar Qasımlı özünün "Facebook" səhifəsində yazıb. 

Qeyd edilib ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirinin 07 iyun 2019-cu il tarixli əmri ilə, Binəqədi RPİ-nin 4-cü PŞ-nin rəis müavini Yalçın Yaqubov  DİO-dan xaric olma, təhqiqatçı Elnur Rəşidov vəzifədən azad edilmə, əməliyyatçı və sahə müvəkilinə isə töhmət və xidmətə yararsızlıq intizam məluliyyətinə cəlb etmə tətbiq edilib. 

Qeyd edək ki, bir müddət əvvəl Vəkillər Kollegiyasının üzvü Orxan Kəngərlinin Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsində təzyiqə məruz qalması barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bu məsələyə bəzi vəkillər də münasibət bildirərək, hadisəni pisləyiblər. Vəkillər Kollegiyasının sədri Anar Bağırov da sosial şəbəkədə hadisə ilə bağlı status paylaşıb: "İstənilən vəkilə qarşı təcavüzü şəxsən özümə qarşı təcavüz kimi qiymətləndirirəm! Məsələ tam araşdırılmalı və təqsirkar şəxslər qanunda nəzərdə tutulan ən ciddi cəzaya məruz qalmalıdırlar. Bunun üçün bütün zəruri tədbirlər tərəfimizdən görülür və görüləcək!"

Daxili İşlər Nazirliyi də Vəkillər Kollegiyasının üzvü Orxan Kərgərlinin Binəqədi rayonu 4-cü polis şöbəsində döyülməsi haqqında iddialara münasibət bildirib. Bildirilib ki, vəkilin şöbədə döyülməsi ilə bağlı yayılan iddialar əsassızdır, qərəzlidir və özünü müdafiə xarakteri daşıyır.