Mülki işlər üzrə məhkəmə prosesində fasiləsiz audio yazının aparılması mümkün olacaq

Artıq mülki işlər üzrə məhkəmə prosesində də fasiləsiz audio yazının aparılması mümkün olacaq. 

E-huquq.az xəbər verir ki, bununla bağlı Ədliyyə Nazirliyi tərəfindən layihə hazırlanıb. Layihə qəbul olunandan sonra məhkəmə proseslərinin audio yazısı aparılacaq. 

Artıq yeni məhkəmə binalarında bu cür səs yazan aparatlar quraşdırılıb. Burada audio-video yazı avtomatlaşdırılmış qaydada olacaq ki, hakim müdaxiləsinin qarşısı alınacaq. 

Qeyd edək ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə edilən dəyişikliyə əsasən, iqtisadi mübahisələr üzrə məhkəmə iclaslarının fasiləsiz video-audio yazısı aparılır. Məhkəmə iclasında sədrlik edən tərəfləri və işdə iştirak edən digər şəxsləri bu barədə xəbərdar edir. Məhkəmə iclasının video-audio yazısına dair məlumat məhkəmə iclasının protokolunda göstərilir və həmin yazı maddi daşıyıcıda protokola əlavə olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının video-audio yazısı ilə tanış olmaq hüququna malikdirlər.