Mirzayev&Partners
    18 İyul
    Baku
    23°

MTK-dakı mənzilə "kupça" alarkən diqqətli olun! - VƏKİL YAZIR

Mənzil Tikinti Korperativlərindəki (MTK) mənzilin dövlət qeydiyyatı ilə bağlı tələb olunan sənədlərin siyahısını açıqlanıb.

E-huquq.az xəbərinə görə, vəkil Fuad Babaşov bildirib ki, mənzillərə çıxarış vermək adı ilə MTK-da tələb olunan vəsait qanunsuzdur.

"Çoxsaylı sualları nəzərə alıb MTK-larda mənzili olan vətəndaşların nəzərinə sənəd siyahısını çatdırıram. Bu sənədlərdən əlavə Cənab Prezidentin müvafiq fərmanı ilə hazırda binalar FHN-nin rəyindən və Arxitektura Komitəsinin binanın istismara qəbul edilməsi ilə bağlı aktından sonra proses yekunlaşır və ƏMDK yanında DƏDRX tərəfindən çıxarış verilir. Yəni aşağıdakı siyahı vətəndaşlar tərəfindən təqdim edilir. Bəzən olur ki, MTK-lar özləri deyirlər ki, pul ver özümüz sənəd alıb verək. Heç kim zorla vətəndaşdan artıq və əsassız pul ala bilməz. Bilin ki, çıxarış vermək adı ilə MTK tərəfindən tələb olunan vəsait qanunsuzdur. Bu vəsaiti də sual edəndə bəzən deyirlər ki, guya binanın kommunal haqqları verilməyib və ya sayğac quraşdırılmasına verilməli olan puldur. Sayğac və kommunal haqqının çıxarışa heç bir aidiyyatı yoxdur və bu tələblər vətəndaşlara çıxarış verilməsinə mane ola bilməz. Elə vətəndaş özü DƏDRX-a müraciət edib qanuni rüsumunu ödəyib sənədləri ala bilər. Əgər binanın istismarına qəbulu yekunlaşıbsa, o vətəndaşın seçimidir ki, etibarnamə üzrə şəxsə səlahiyyət versin ki, çıxarış alsın. Qalan məsələlər MTK ilə səlahiyyətli dövlət orqanları (FHN, Arxitektura komitəsi, DƏDRX) tərəfindən həll edilir. Məlumat üçün bildirim ki, tikintiyə icazə verən yerli icra hakimiyyəti orqanı tərəfindən binanın tikintilərin dövlət reyestrinə daxil edilməsi üçün Reyestrə təqdim edilməsi nəzərdə tutulan icazəyə dair sənəd və məlumatlar, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilir və Komitə tərəfindən tikintilər reyestrinə daxil edildikdən sonra Tikinti obyektlərinə verilən koda dair Şəhadətnamə müvafiq məlumatları təqdim edən yerli icra hakimiyyəti orqanına göndərilir", deyə, vəkil qeyd edib.