Milli Məclisin sədri: "Azərbaycan Avropanın enerji təhlükəsizliyi arxitekturasına böyük töhfələr verir"

Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan ATƏT Parlament Assambleyasının sədri Georgi Tsereteli ilə görüşüb.

E-huquq.az-ın xəbərinə görə, spiker belə yüksək səviyyəli səfərlərin gələcəkdə də davamlı olacağına ümidvar olduğunu bildirib. Qəbulda qeyd edilib ki, qonaq ATƏT PA ilə əməkdaşlıq çərçivəsində Milli Məclisin təşkilatçılığı ilə Bakıda keçiriləcək “Regional təhlükəsizlik və əməkdaşlıq üzrə parlament konfransında” iştirak edəcək. Tədbirin əsas məqsədi Azərbaycan, Almaniya və Türkiyə deputatlarından ibarət “Bakı Dialoq və Əməkdaşlıq Platforması” yaratmaqdır. Bu platforma çərçivəsində təhlükəsizliyə təhdid yaradan amillərin qarşısının alınması yolları, qarşılıqlı inam və dialoqun gücləndirilməsi, əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə qaldırılması məsələləri müzakirə olunacaqdır.  Spiker Georgi Tsereteliyə ATƏT PA-nın yay sessiyası çərçivəsində qurumun sədri vəzifəsinə keçiriləcək seçkilərdə uğurlar arzulayıb. Bildirilib ki, Azərbaycan 25 ildən artıqdır ki, ATƏT-in üzvüdür və bu qurumla əməkdaşlığın daha da dərinləşməsinə önəm verir. Milli Məclislə ATƏT PA arasında münasibətlərin inkişafında yüksək səviyyəli səfərlər əhəmiyyətli rol oynayır. Sədr təşkilata üzv dövlətlərin üzləşdiyi problemlərin həllində qurumun gələcəkdə daha yaxından iştirak edəcəyinə, qətiyyətli və ədalətli mövqe sərgiləyəcəyinə inamını ifadə edib. Görüşdə Milli Məclisin sədri Azərbaycanın Avropanın enerji təhlükəsizliyi arxitekturasına verdiyi töhfələrdən, beynəlxalq nəqliyyat marşrutlarının inkişafında oynadığı roldan danışıb. Qonağın təmsil etdiyi Gürcüstanla əməkdaşlığımızın inkişaf perspektivlərindən söz açıb.

Səmimi qəbul üçün minnətdarlığını bildirən ATƏT PA-nın sədri Georgi Tsereteli ölkəmizə səfərindən və növbəti dəfə Milli Məclisdə olmağından məmnunluğunu  bildirib.  Qonaq qeyd edib ki, onun təmsil etdiyi təşkilatla Azərbaycan arasında əməkdaşlığın dərinləşməsində belə qarşılıqlı səfərlər mühüm rol oynayır. ATƏT PA Cənubi Qafqazın bu bölgəsi ilə əlaqələrin daha da dərinləşməsinə böyük maraq göstərir. ATƏT məkanında mövcud problemlərin çözülməsində qarşılıqlı  dialoqun aparılması vacib məsələlərdəndir. O, ümidvar olduğunu bildirib ki, gələcəkdə də təmsil etdiyi təşkilat bu sahədə səylərini əsirgəməyəcək.

Qonaq ATƏT PA-da Gürcüstan nümayəndəsi kimi xalqlarımız arasında əsrlər boyu mövcud olan dostluğun bundan sonra daha da möhkəmlənəcəyinə inamını söyləyib. O, səfər çərçivəsində Bakıda keçiriləcək konfransda iştirakı və tədbirin əhəmiyyəti barədə fikirlərini açıqlayıb.

Qəbulda tərəfləri maraqlandıran məsələlər ətrafında danışılıb.

Görüşdə Milli Məclisin Sədr müavini, ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova iştirak edirdi.