Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib. 

Milli Məclisin mətbuat xidmətindən e-huquq.az-a verilən xəbərə görə, komitənin sədri Əli Hüseynli gündəlik barədə məlumat verib. 

İclasda əvvəlcə Azərbaycan Respublikasının Milli Məclisinə qanun layihələrinin təqdim edilməsi ilə bağlı məsələyə baxılıb. Bildirilib ki, ümumxalq səsverməsi ilə ölkə Konstitusiyasına edilmiş əlavələr və dəyişikliklərdən sonra seçki hüququ olan 40 min vətəndaşın qanunvericilik təşəbbüsü hüququ 96-cı maddədə öz əksini tapıb. Burada aydın şəkildə qeyd olunur ki, vətəndaşların bu hüquqdan istifadə etməsi qaydası qanunla tənzimlənir.

Bildirilib ki, Milli Məclisə bir qrup vətəndaşın imzası ilə bir neçə qanun layihəsi daxil olub. Bununla bağlı imzaların yoxlanılması üçün işçi qrupu yaradılıb. 

İclasda iştirak edən Mərkəzi Seçki Komissiyasının üzvü Etibar Quliyev işçi qrupun fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd olunub ki, aparılan araşdırma zamanı bir sıra nöqsanlar aşkarlanıb. Belə ki, sənədlərdə olan 41 min 500 vətəndaşın imzası nəzərdən keçirilib və əldə edilən nəticəyə əsasən, lazım olan 40 min imza toplanmayıb.

Müzakirələr zamanı komitə üzvləri Elşən Musayev, Qüdrət Həsənquliyev, Çingiz Qənizadə, Sabir Hacıyev, Tahir Kərimli məsələ ilə əlaqədar öz fikirlərini bildirib, bu sahədə dünya təcrübəsindən danışıblar. 

 

Müzakirələrin sonunda qərara alınıb ki, Azərbaycan Respublikasının Milli Məclisinə qanunvericilik təşəbbüsü qaydasında təqdim edilmiş qanun layihələri prosedur qaydaları pozulduğuna görə müzakirəyə çıxarılmasın.

 

Sonra Mülki Məcəllədə, “Yol hərəkəti haqqında” və “Notariat haqqında” qanunlarda dəyişikliklərin edilməsi ilə əlaqədar məsələlərə baxılıb. Əli Hüseynli diqqətə çatdırıb ki, sənədlərə uyğunlaşdırma məqsədilə bir sıra texniki düzəlişlər edilib. Belə ki, Mülki Məcəllənin 965.2 və 965.3-cü maddələrində “Hesabdakı” və “Bir” sözləri “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda başqa hal nəzərdə tutulmayıbsa, hesabdakı (bir)” ifadəsi ilə əvəz olunur.

 

“Yol hərəkəti haqqında” və “Notariat haqqında” qanunların müvafiq maddələrində “hüquqi şəxslər” sözlərindən sonra (“dövlət qurumları”) sözləri əlavə edilir, “xəta haqqında elektron protokol tərtib olunur” ifadəsi “tənbeh vermə haqqında elektron qərar çıxarılır” sözləri ilə əvəz olunur.

 

Müzakirələrdə çıxış edən deputatlar göstərilən dəyişikliklərin məqsədəmüvafiq olduğunu bildiriblər və qanun layihələrini Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə ediblər.