Mirzayev&Partners
    19 İyul
    Baku
    23°

Məhkəmə qardaşının arvadını bıçaqlayan şəxsin cəzasını azaldıb

Sumqayıt Apellyasiya Məhkəməsində Xaçmazda qardaşı arvadını bıçaqlamaqda təqsirləndirilən Ramiz Mirzəyevin barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosaesdə qərar elan olunub.

Qərara əsasən, onun 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası 6 ilə endirilib.

İttiham aktına əsasən, hadisə ötən il iyulun 2-də Xaçmaz şəhəri, R.Sadıqov küçəsi, 27 saylı mənzildə baş verib. Həyat yoldaşının ona xəyanət etdiyini düşünən R.Mirzəyev arvadı ilə mübahisə edib. Onun arvadına xəsarət yetirəcəyindən ehtiyatlanan qardaşı arvadı Sərfinaz Mirzəyeva bıçağı götürüb qaçıb. Qardaşı arvadının əlindən bıçağı alan R.Mirzəyev elə həmin bıçaqla da onun özünü bıçaqlayıb.

Məhkəmə araşdırması zamanı məlum olub ki, spirtli içki aludəçisi R.Mirzəyevin ailəsində mütəmadi olaraq dava-dalaş, narazılıq hökm sürüb. İçkinin təsiri altında tez-tez həyatından bezdiyini, yaşamaq istəmədiyini deyib. Onun özünə xəsarət yetirəcəyindən ehtiyatlanan ailə üzvləri evdəki bıçaqları gizlədiblər. Hadisə baş verən gün isə səhərə yaxın evə gələn Ramiz arvadı Rənanı ona xəyanət etməkdə günahlandırıb, görüşdüyü kişini harada gizlətdiyini soruşub. 

Təqsirləndirilən R.Mirzəyev məhkəmədə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. Spirtli içkiyə meylli olduğunu etiraf edən R.Mirzəyev hadisədən bir müddət əvvəl əsəblərinin pozulduğunu, hərəkət edə bilmədiyini deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Mirzəyev 7 il azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib.