Mirzayev&Partners
    22 İyul
    Baku
    23°

“Məhkəmə-hüquq islahatlarına vəkil baxışı” mövzusunda konfrans keçirilib

Bu gün “Hilton” mehmanxanasında Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşkilatçılığı ilə “Məhkəmə-hüquq islahatlarına vəkil baxışı” mövzusunda konfrans keçirilib. 

E-huquq.az xəbər verir ki, konfransda Milli Məclisin deputatları, hüquqşünas-alimlər, hakimlər, vəkillər, xarici ölkələrin səfirliklərinin, o cümlədən, müxtəlif dövlət və qeyri-hökümət təşkilatlarının nümayəndələri iştirak etmiş, tədbirin işıqlandırılması üçün Kütləvi İnformasiya Vasitələri dəvət edilib. 

Konfransda açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 03.04.2019-cu il tarixli Fərmanının əhəmiyyəti, Fərmanda qeyd olunan göstəriş və tövsiyələrin icrası ilə bağlı Vəkillər Kollegiyası tərəfindən həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə tədbir iştirakçılarına məlumat verib. 

Daha sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov çıxış edərək qeyd olunan Fərmanın Vəkillər Kollegiyası üçün əhəmiyyəti, vəkillərin məhkəmə-hüquq islahatlarındakı rolu, islahatların həyata keçirilməsi istiqamətində görülməli tədbirlərin zərurəti barədə məlumat verib. 

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Vüsal İsayev qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin məlum Fərmanının ədalət mühakiməsi üçün verdiyi töhfə, son dövrlər ölkədə vəkillik institutunun inkişafı və nüfuzunun artırılması istiqamətində görülən işlər, Bakı şəhəri və regionlarda əhalinin keyfiyyətli hüquqi yardıma çatımlılığının təmin olunması üzrə aparılan islahatlar barədə danışıb. 

Konfransda Azərbaycan Respublikası Baş prokurorunun müavini, Məhkəmə-Hüquq Şurasının üzvü Namiq Əsgərov çıxış edərək bildirib ki, vəkil-prokuror münasibətləri, son dövrlərdə bu münasibətlətin inkişafı və ədalət mühakiməsinin həyata keçirilməsi baxımından əhəmiyyəti barədə fikirlərini bölüşüb. 

Tədbirin növbəti hissəsi Vəkillər Kollegiyasının sədri Anar Bağırovun “Vəkilliyin məhkəmə-hüquq islahatlarında yeri və rolu” barədə çıxış etmişdir. Kollegiyanın sədri bildirib ki, Vəkillər Kollegiyası tərəfindən son dövr ərzində vəkilliyin inkişafı və nüfuzunun artırılması, maddi-texniki təminatının, o cümlədən, vəkillər tərəfindən vətəndaşlara göstərilən hüquqi yardımın keyfiyyətinin artırılması istiqamətində bir çox tədbirlər həyata keçirilib. Buna baxmayaraq, Vəkillər Kollegiyasının fəaliyyəti, maliyyə müstəqilliyi, maddi-texniki təminatı, eləcə də regionlarda vəkillərin sayı baxımından müəyyən problemlər mövcuddur. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin qeyd olunan Fərmanının müvafiq göstəriş və tövsiyələri, xüsusilə də dövlət hesabına hüquqi yardıma görə vəkilə ödənilməli olan vəsaitin Vəkillər Kollegiyasına verilməsi məsələsi xüsusi əhəmiyyət kəsb etməkdədir. 

Daha sonra Məhkəmə-Hüquq Şurası aparatının rəhbəri Cavid Hüseynov “Hakim-vəkil münasibətlərinin deontoloji aspektləri” mövzusunda çıxış edərək qeyd etmişdir ki, məhkəmə-hüquq islahatlarında hakim-vəkil münasibətlərinin xüsusi rolu vardır və bu baxımdan qeyri-prosessual münasibətlərin yolverilməzliyi əhəmiyyət kəsb etməkdədir. 

O bildirib ki, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 03.04.2019-cu il tarixli Fərmanında bu barədə müddəaya yer verilməsi də dövlət tərəfindən bu sahəyə verilən önəmin bariz nümunəsidir.

Konfransda həmçinin Vəkillər Kollegiyasının Ağsaqqallar Şurasının sədri, Əməkdar hüquqşünas İkram Kərimov məlum Fərmanın təhlili ilə bağlı maraqlı çıxış edib. 

Konfransın ikinci hissəsində Vəkillərin İntizam Komissiyasının sədri, Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin rəhbəri Şahmar Məmmədovun “Vəkillərin etik davranışı və qeyri-prosessual münasibətlərə qarşı preventiv tədbirlər” mövzusunda mühazirəsi dinlənilib. 

Bundan başqa, tədbirdə Vəkillərin İntizam Komissiyasının sədr müavini İlhamə Həsənova Azərbaycan Respublikası Prezidentinin 03.04.2019-cu il tarixli Fərmanı üzrə Vəkillər Kollegiyası tərəfindən formalaşdırılmış cinayət hüququ, Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev isə mülki hüquq üzrə İşçi Qrupun məruzəsi ilə çıxış ediblər. 

Konfrans müzakirələr ilə davam etmiş, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.